BAKI, 30 noyabr — Sputnik. Türk musiqisinin divası adlandırılan Bülent Ersoy ötən həftə hər biri 40 min TL dəyərində olan iki ədəd bəyaz tülkü dərisindən olan kürk alıb.
Sputnik Azərbaycan xəbər verir ki, üzərində tülkünün başı olan kürklər sosial mediada tənqid obyektinə çevrilib. Heyvanların qətl edilərək, dərisindən kürk, papaq, ayaqqabı, çanta hazırlanmasına etiraz edən heyvansevərlər Bülent Ersoyu sərt tənqid ediblər.
Vəziyyəti belə görən B.Ersoy: "Kürklərimi "Çağdaş Yaşamı Dəstəkləmə Vəqfi"nə bağışlayacam" deyərək, açıqlama edib.
Bülent Ersoyun açıqlamasından qısa müddət sonra vəqfdən cavab gəlib. "Çağdaş Yaşamı Dəstəkləmə Vəqfi" B.Ersoya rədd cavabını verib.
Vəqfin açıqlamasında deyilir: "Çağdaş Yaşamı Dəstəkləmə Dərnəyi Atatürk fikir və düşüncələrini müasir təhsil yoluyla çağdaş toplumlar səviyyəsinə çatdırmağı hədəfləyən örnək cəmiyyət birliyidir. Dərnəyimiz özündə təbiət, çevrə və canlı haqlarına sayğı ilə yanaşmağı birləşdirir. Bu səbəbdən heyvanların qətl edilməsi ilə hazırlanan məhsulların və ya həmin məhsullardan əldə edilən gəlirin Vəqfimizə bağışlanması qanun və dəyərlərimizə ziddir".