İspan nəşrlərindən biri Ağdamdan bəhs edərkən onu Qafqazın Xirosiması adlandırmışdı. Zənnimizcə, bu, işğaldan əvvəl Azərbaycanın ən gözəl, inkişaf etmiş şəhəri olan Ağdamın indiki halını çox düzgün təsvir edən bir bənzətmədir.
Birinci Qarabağ müharibəsində Ağdamda şiddətli döyüşlər gedib. Bir çox binalar ermənilərin artilleriya atəşləri nəticəsində dağılıb. 27 illik işğal zamanı şəhərdə daş üstə daş qalmayıb.
Bu il noyabrın 20-dən Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli bəyannaməyə görə, Ağdam Azərbaycan Respublikasının nəzarəti altındadır. İndi dünya ictimaiyyətinin ermənilərin Ağdamın başına açdıqları müsibəti öz gözləri ilə görmək imkanı var.
Xatırladaq ki, işğala qədər Ağdam şəhərində və rayonun yüzdən çox kəndində 143 mindən çox azərbaycanlı yaşayıb.