Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 28 noyabr — Sputnik. Hazırda hospitallarda müalicə alan qazilərimizin vaxtlarını daha maraqlı keçirilməsi üçün yeni aksiyaya start verilib.
Aksiyanın rəhbəri Qəmər Babayevanın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, bu aksiyaya başlamasının səbəbi sosial şəbəkədə gördüyü paylaşım olub.
"Paylaşım yaralı əsgərimizin Den Braunun "Da Vinçi şifrəsi" kitabını istəməsi haqda idi. Kitabı alaraq əsgərə göndərdik. Ondan sonra düşündüm ki, yəqin digər yaralı əsgərlər də hər hansı kitabı əldə edib oxumaq istəyərlər. Əsgərimizin yatdığı həmin hospitalda bir tanış tapdım və beləcə, bu aksiyaya start verdik. Palatada yaralı əsgərlərin sayı çox idi. Biz onların istəklərini öyrəndik. Onlar da kitab hədiyyə olunmasını istədiklərini dedilər", - Babayeva bildirib.
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının "Mühasibat uçotu və audit" ixtisasını bitirən və "Xaricdə çörək" layihəsinin rəhbəri olan Qəmər Babayevanın sözlərinə görə, qazilərimizin əksəriyyəti dedektiv janrda olan kitablara maraq göstərirlər.
"Əsgərlərimiz arasında Den Braunun "Da Vinçi şifrəsi" kitabına maraq daha çoxdur. Biz onlara xarici dedektivlərin kitabları ilə yanaşı, müxtəlif stolüstü oyun vasitələri də aparaq. Düşünürəm ki, bu aksiya onlara mənəvi dəstək və motivasiya vermiş oldu", - deyə Babayeva bildirib.
Onun sözlərinə görə, bu aksiyaya dəstək verənlər arasında Azərbaycanda yaşayanlarla yanaşı, xaricdə yaşayan soydaşlarımız da dəstək verib. Onlar hesaba pul yatırmaqla öz dəstəklərini nümayiş etdiriblər.