BAKI, 28 noyabr — Sputnik. Birləşmiş Ştatların kəşfiyyat xidmətləri İsrailin İranın nüvə proqramının yaradıcılarından biri, iranlı fizik Möhsün Fəxrizadəni öldürdüyünü düşünürlər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı "The New York Times" nəşri yayıb.
Nəşrin məlumatına görə, adı çəkilməyən bir amerikalı məmur və kəşfiyyat orqanlarının iki əməkdaşı alimin öldürülməsinin arxasında İsrailin durduğunu bildirib.
Qəzet, həmçinin ABŞ-ın bu əməliyyat barədə əvvəlcədən məlumatlı olmasına dair dəqiq məlumatın olmadığını da qeyd edib.
Ağ Ev və Mərkəzi Kəşfiyyat İdarəsi bu məsələ ilə bağlı jurnalistlərə şərh verməkdən imtina edib.
İran da alimin ölümündə İsraili günahlandırır. Belə bir bəyanatla həm İranın Prezidenti Həsən Ruhani, həm də xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.
İran Prezidenti, həmçinin qeyd edib ki, bu cinayət İranın atom sahəsindəki inkişafına təsir etməyəcək.
Xatırladaq ki, noyabrın 27-də Tehranın şimal şərqində yerləşən Absərd şəhərində M.Fəxrizadəyə sui-qəsd edilib. Əvvəlcə partlayış törədilib, daha sonra odlu silahdan atəş açılıb. Ağır yaralanan M.Fəxrizadə xəstəxanada dünyasını dəyişib.