BAKI, 27 noyabr — Sputnik. Şəkidə koronavirus infeksiyasına yoluxmuş rayon sakininin yaşadığı evi tərk etməsi barədə Şəki Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun məlumatına istinadla xəbər verir ki, rayon sakini Davud Hüseynovun COVID-19 testinin nəticəsi pozitiv olduğuna görə, ev şəraitində müalicə təyin edilsə də o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib.
Polis əməkdaşları tərəfindən dərhal həyata keçirilən tədbirlərlə D.Hüseynovun "Niva" markalı avtomobillə şəhər ərazisində hərəkətdə olduğu məlum olub. Onun olduğu ünvan müəyyən edilib və polis əməkdaşlarının da müşayiəti ilə evinə geri qaytarılıb.
Digərlərinin də sağlamlığı üçün real təhlükə yaradan D.Hüseynov barəsində Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.