CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qonşularımız pullarını "öldürürlər", biz - vergini. Malı kimə satmalı?

© Sputnik / Murad OrujovПачка азербайджанских манатов в руке. Архивное фото
Пачка азербайджанских манатов в руке. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Dünyada gedən valyuta müharibələrini də nəzərə alsaq, görürük ki, bütün ölkələr, əsasən də ixracatçı ölkələr, milli valyutalarını bir qədər ucuzlaşdırmağa çalışır. Yəni bunun hesabına ixracatı artıra bilsinlər deyə"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 27 noyabr — Sputnik. Nazirlər Kabineti "Malların ixrac qeydi ilə satışı Qaydası"nı təsdiq edib. Sputnik Azərbaycan xəbər verir ki, bu Qayda Azərbaycanda istehsal olunmuş və ixrac üçün nəzərdə tutulan məhsulların istehsalçısı ilə qeyri-neft məhsullarının ixracatı sahəsində təcrübəsi olan ixracatçılar arasında əməkdaşlığın şərtlərini müəyyən edir və işgüzar münasibətlərini tənzimləyir.

İnfoqrafika: Azərbaycanın xarici ticarəti - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Azərbaycanın xarici ticarət göstəriciləri

İstehsalçı ixrac üçün nəzərdə tutulan məhsulu ixracatçıya təqdim edərkən ƏDV-yə sıfır dərəcə ilə cəlb olunur.

Bəs bu addım Azərbaycanda ixracın və yerli istehsalın artmasına, sahibkarlara dəstək verəcəkmi?

İqtisadçı, "Respublikaçı Alternativ" Partiyasının icra katibi Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, bu addım ixracın stimullaşdırılması üçün atılıb: "Amma bununla yanaşı, bir sıra paralel addımlar da atılmalıdır ki, ixracın stimullaşdırılması üçün qarşıya qoyulan hədəflərə çatmaq mümkün olsun. Burada bir neçə problem mövcuddur.

Problemlərdən biri odur ki, son bir il ərzində qonşu ölkələrin milli valyutalarında kifayət qədər ciddi ucuzlaşma prosesi baş verib. Əsasən də bizim əsas ticarət tərəfdaşımız olan Türkiyə ilə Rusiyada lirə və rubl kifayət qədər ciddi şəkildə dəyərdən düşüb. Gürcüstanda da lari il ərzində 15-18 faiz ucuzlaşıb. Bu da idxalı stimullaşdırır, yerli istehsal və ixracat ilə bağlı müəyyən əngəllər yaradır".

"Dünyada gedən valyuta müharibələrini də nəzərə alsaq, görürük ki, bütün ölkələr, əsasən də ixracatçı ölkələr, milli valyutalarını bir qədər ucuzlaşdırmağa çalışır. Yəni bunun hesabına ixracatı artıra bilsinlər deyə. Digər bir institusional problem odur ki, bizim qeyri-neft ixracımız hələlik çoxşaxəli modelə keçməyib. Son dövrlərdə qeyri-neft məhsulları ixrac etdiyimiz ölkələrin sırasında Rusiya öndədir. Burada çoxşaxəli modelə keçməliyik, yəni yeni bazarlara çıxış imkanları kifayət qədər məhduddur", - deyə ekspert qeyd edib.

Пользовател сайта edvgerial - Sputnik Azərbaycan
İQTİSADİYYAT
ƏDV-nin geri alınmasında çətinliklə üzləşənlər nə etməli?

O bildirib ki, həmişə ixracda hədəf kimi biz qonşu ölkələri götürmüşük: "Amma yeni bazarlara çıxış əldə etsək, Azərbaycanın əsasən də aqrar sektorda olan məhsullarını daha baha qiymətə sata bilərik. Bununla bağlı da işlər görülməlidir. Düzdür, müəyyən işlər aparılıb, Azərbaycanın xaricdə ticarət nümayəndəlikləri açılıb, amma yetərli deyil. Nazirlər Kabinetinin bu addımı təqdirəlayiqdir, stimullaşdırıcı addımdır. Lakin paralel olaraq bir çox problemlər də aradan qaldırılmalıdır ki, ixracın stimullaşdırılması ilə bağlı addımlar effekt verə bilsin".

"Bəzi ixracatçılar var idi ki, daxili bazardan topladıqları məhsulları xarici bazara çıxardırdı və daxili bazar amilinə görə şəxs ƏDV ödəməyə məhkum idi. İndi daxili sənədləşmədə 18 faizlik ƏDV ödənilməyəndə bunun ixracat ilə bağlı müəyyən stimullaşdırıcı təsiri olacaq", - deyə ekspert əlavə edib.

Dövlət Vergi Xidmətinin şöbə rəisi Elnur Yusifov bu qərar ilə bağlı şərhində deyib ki, "Malların ixrac qeydi ilə satışı Qaydası"nda ixrac qeydi ilə satış həyata keçirən şəxsə (istehsalçıya) və ixrac qeydi ilə alınan malların ixracını həyata keçirən şəxsə (ixracatçıya) dair tələblər, malların ixrac qeydi ilə satışına aid edilməyən şəxslər və əməliyyatlara nəzarət, ixrac qeydi ilə malların ixracının həyata keçirilməsi prosesinə nəzarət tədbirləri öz əksini tapır:

"Bu imkandan yararlanmaq üçün istehsalçı və ixrac qeydi ilə alınan malların ixracını həyata keçirən şəxs (ixracatçı) Qaydada onlar üçün müəyyən edilmiş tələblərə cavab verməlidirlər. Qaydanın 3-cü hissəsində müəyyən edilmiş şəxslər və əməliyyatlar istisna olmaqla, Qayda ölkə ərazisində qeyri-neft məhsulları istehsal edən bütün istehsalçılara və ixracatçılara şamil olunur. İstehsalçı ixrac üçün nəzərdə tutulan məhsulu ixracatçıya təqdim edərkən Vergi Məcəlləsinin 165.1.9-cu maddəsinə müvafiq olaraq ƏDV-yə 0 dərəcə ilə cəlb olunur".

Şöbə rəisi qeyd edib ki, bu mexanizm ixracatçının ixrac edəcəyi malların alışına görə ödəməli olduğu ƏDV-nin məbləği qədər dövriyyə vəsaitinə qənaət etməsinə şərait yaradır və inzibatçılıq yükünü azaldır.

Qeyd edək ki, bu Qayda Nazirlər Kabinetinin 2020-ci il 14 noyabr tarixli qərarı ilə təsdiq edilib. İxrac qeydi ilə satılan mallara Azərbaycan ərazisində istehsal olunan qeyri-neft məhsulları aid edilir.

"Malların ixrac qeydi ilə satış qaiməsi"ndə satışı həyata keçirilən malların kodu, adı, ölçü vahidi və miqdarı əks olunur. "Malların ixrac qeydi ilə satış qaiməsi"ndə istehsalçı tərəfindən satılmış malların 3 ay müddətində ixrac edilməsi şərti qeyd edilir.

Bu Qaydanın tələblərinə əməl olunmasına nəzarət Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir.

Xəbər lenti
0