BAKI, 26 noyabr - Sputnik. Azərbaycanda koronavirus (COVID-19) ilə əlaqədar aparılan testlərin bitməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə Sputnik Azərbaycan-a TƏBİB-dən məlumat verilib.
"Bildiririk ki, ölkəmizdə koronavirusun diaqnozu üçün kifayət qədər test ehtiyatı mövcuddur. Sadəcə olaraq, gün ərzində götürülən testlərin sayı çox olduğundan bu, laboratoriyaların iş gücünə təsir göstərir. Nəticədə, təbii olaraq testin nəticələri bir qədər gecikmiş olur", - TƏBİB bildirib.
Məlumatda o da qeyd olunub ki, bu problemin aradan qaldırılması məqsədilə, simptomsuz təmaslılardan testlərin götürülməsinə müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.
"Hazırda ölkədə 37 laboratoriya mövcuddur. Bu laborotoriyalarda gündəlik 10 000 testin aparılması nəzərdə tutulurdu, artıq müraciətlərin sayı çox olduğundan gün ərzində laboratoriyalara daxil olan test nümunələri nəzərdə tutulduğundan 2 dəfə (19178 test) artıb", - deyə məlumatda bildirilir.