BAKI, 25 noyabr — Sputnik. Masallı və Biləsuvarda polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş şəxslərin yaşayış yerini tərk etdiyi müəyyən edilib.
Bu barədə Sputnik Azərbaycan-a DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Bildirilib ki, Masallı şəhər sakini Nizami Allahverdiyev və onun həyat yoldaşı Mənzər Allahverdiyevaya COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb.
Lakin Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar şəhər ərazisində taksidə aşkar edilərək təcili tibbi yardımla yaşadıqları ünvana qaytarılıblar
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının son bir neçə gündə keçirdiyi müvafiq tədbirlərlə 7 nəfər rayon sakininin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar rayon ərazisində müxtəlif yerlərdə, Səyyarə Əzizova və Aygün Qasımova isə Biləsuvar rayonunu tərk etmək istəyərkən stasionar postda saxlanılıblar.
Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, onların bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükəli olduğu diqqətə çatdırılıb və tam sağalanadək evdən çıxmamaları barədə ciddi xəbərdarlıq edilib.
Onların törətdiyi əmələ hüquqi qiymət verilməsi istiqamətində araşdırma aparılır.