Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 25 noyabr — Sputnik. Son günlər yenidən dünyanın sənət gündəmini koronavirus zəbt etməkdədir. Sputnik Azərbaycan xəbər verir ki, Türkiyənin məşhur sənət adamları COVID-19 virusuna yoluxublar.
Məşhur türk aktyoru, 92 yaşlı Haldun Dormen COVID-19-a yoluxub. Vəziyyəti həkimlərin nəzarəti altında olan 92 yaşlı sənətkar sağalacağına ümid edir və hər kəsi qorunmağa çağırır.
Haldun Dormen virusa yeni yoluxsa da, "Menajerimi Ara" serialının "Peride"si, 64 yaşlı aktrisa Ayşenil Şamlıoğlu xəstəliyə qalib gələnlər sırasındadır. Belə ki, aktrisa sosial media hesabından məlumat yayaraq bildirib ki, son dəfə verdiyi testlərin cavabı mənfi çıxıb. Ayşenil Şamlıoğlu tam sağaldığını bəyan edib.
Növbəti koronavirus şoku türk serialı "Mucize Doktor"un aktyorları arasında yayılıb. Çəkilişdən əvvəl sağlamlıq testlərindən keçən aktyorlardan Seda Bakanın testi pozitiv çıxıb. Qeyd edək ki, Seda Bakan serialda "Doktor Ferda" obrazını canlandırır. 35 yaşlı aktrisanın sağlamlıq durumunun yaxşı olduğu deyilir.
Sosial şəbəkə hesabından xəbər paylaşan aktrisa bildirib ki, vəziyyəti yaxşıdır, qripdən başqa heç nə hiss etmir: "Sadəcə qrip olduğumu hiss edirəm. Testlərim pozitiv çıxsa da, vəziyyətim stabildir. Xəstəlikdən qorunmağın tək yolu maska taxmaqdır. Maskalarınızı çıxartmayın. İnşallah, mən də tezliklə sağalaram. Şükürlər olsun ki, ailə üzvlərim və balacamızın vəziyyəti yaxşıdır", - deyən aktrisa Seda Bakan bir müddət serialda görünməyəcək.
Koronavirusa yoluxanlar sırasında tanınmış türk müğənnisi Ege də var. COVID-19 testi pozitiv çıxan müğənni bu barədə sosial media hesabından məlumat yayıb.
Müğənni hər kəsə maska taxmağı, məsafə saxlamağı və soyuq günlərdə özlərini qorumağı tövsiyə edib.