BAKI, 25 noyabr — Sputnik. Bakı şəhərində 100-dən çox küçədə sağlamlıq imkanları məhdud insanlar üçün panduslar təşkil olunub. Sputnik Azərbaycan xəbər verir ki, bunu "Caspian Energy Club"un təşkilatçılığı ilə keçirilən "Online Baku City Forum"da çıxış edən Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.
Onun sözlərinə görə, eyni zamanda səkilərlə bağlı "İdeal səki" layihəsi də həyata keçirilir ki, bu layihə də sağlamlıq imkanları məhdud insanların rahat hərəkətini təmin etməyə imkan verəcək.
O, həmçinin bildiirb ki, Bakı şəhərinin daha 10 küçə və prospektində avtobus zolaqlarının təşkili üçün razılıq əldə olunub.
T.Səfərov əlavə edib ki, Nazirlər Kabineti artıq bu istiqamətdə müvafiq tapşırıq verib və onların icrasına yaxın vaxtlarda başlanacaq: "Bundan öncə 3 küçə və prospektdə avtobus zolaqları təşkil edilib. Bütün bu görülən işlərin əsas məqsədi Bakı şəhərində mobilliyin artırılmasıdır ki, bu istiqamətdə də avtobus zolaqları bizim üçün prioritetdir və bunun təşkili üçün də bir çox tədbirlər həyata keçirilir".