BAKI, 24 noyabr — Sputnik. Kiberdələduzlar tərəfindən koronavirusla bağlı həyata keçirilən fişinq hücumları artmaqdadır. Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) Sputnik Azərbaycan-a verilən məlumata görə, belə ki, növbəti fişinq kampaniyasında məşhur şəxslərin real videolarından istifadə olunaraq onların adından saxta canlı yayımlar edilir. 10 min avrodan çox ianə təklifi ilə istifadəçilər həmin yayımları izləməyə sövq olunurlar. Yayıma daxil olub sadə sualı cavablandıran istifadəçidən növbəti mərhələlərdə fərdi məlumatlarını təqdim edərək qeydiyyatdan keçməsi və kart hesabının məlumatları istənilir. Bu cür məlumatları təqdim edən istifadəçinin hesabından vəsaitlər silinir və fərdi məlumatları digər kiberdələduzluq əməllərinin həyata keçirilməsində istifadə olunur.
Qeyd edək ki, kiberdələduzların gələcəkdə insanların koronavirusla bağlı qorxu, təşviş və marağından sui-istifadə edərək onları "tələ"yə salmaq cəhdlərini davam etdirməsi istisna olunmur. Məhz bu səbəbdən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları kibermühitdə maksimum diqqətli olmağa, hər hansı hədiyyə, ianə və ya pulsuz məhsul vəd edən bildirişlərə aldanıb fərdi, xüsusilə bank məlumatlarını təqdim etməməyə və bu kimi bildirişləri spam mesaj olaraq şikayət etməyə çağırır. Belə bildirişlərə inanaraq bank məlumatlarını təqdim edən vətəndaşlar dərhal bu barədə müştərisi olduğu banka məlumat verməlidirlər. Hesablarından vəsaitlərin çıxarılmasını məhdudlaşdırmalıdırlar. Həmçinin vətəndaşlardan xahiş olunur ki, bu kimi hallarla üzləşdikdə www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat versinlər.