CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağlayaraq muğam oxuyan o balaca oğlan: Cefri filmin üçüncü hissəsini yəqin Füzulidə çəkər

© Sputnik / Irade JELILNizami Paşayev
Nizami Paşayev  - Sputnik Azərbaycan
Abunə olmaq
Nizami Paşayev deyir ki, aradan uzun illərin keçməsinə baxmayaraq, əgər evləri dağıdılmayıbsa, bu gün Zərgər kəndinə gedib onu rahatlıqla tapa bilər.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 24 noyabr — Sputnik. "İndi qəriblikdir məni ağladan, O yanan evləri könlüm istəyir", - oxuyaraq göz yaşlarını saxlaya bilmir. 20 il əvvəl 13 yaşlı Nizaminin ifası nəinki bütün İmişlini, hətta Azərbaycan muğamının əcnəbi tədqiqatçısı Cefri Verboku da heyran qoymuşdu.

C.Verbok Nizaminin ifasını bəyənir və onun haqqında film çəkməyə qərar verir. Yenidən Azərbaycana gələrək onu axtarmağa başlayır.

"İlk video İmişli rayonunun Bayramtəpə qəsəbəsində, bizim məskunlaşdığımız qaçqın düşərgəsində çəkilib. O zaman mənim 14 yaşım var idi", - deyə Sputnik Azərbaycan-ın qonağı olan Nizami Paşayev bildirir.

Nizami Paşayev əslən Füzuli rayonunun Zərgər kəndindəndir. Rayonlarından köçkün düşdüyü günü bu gün kimi xatırlayır. Deyir, hamı bacardığı qədər əşyasını götürüb, çıxmağa çalışırdı. Bu zaman onların da ailəsi rayondan çıxır.

© Sputnik / Irade JELILNizami Paşayev
Ağlayaraq muğam oxuyan o balaca oğlan: Cefri filmin üçüncü hissəsini yəqin Füzulidə çəkər - Sputnik Azərbaycan
Nizami Paşayev
"Füzulidə yaşayanda özümü ən xoşbəxt uşaq hesab edə bilərdim. Böyük problemlərimiz yox idi. Müharibə başlayandan sonra çətinliklərimiz başladı. Evimizin arxasındakı təpədə "ocaq" adlandırılan bir yer var idi. Erməni atmağa başlayanda ailəliklə ora yığılır, atəşin səngiməsini gözləyərdik. O zaman düşünürdüm ki, düşmənlə qarşı-qarşıya qalmaq qorxuludur, çətindir. Amma əsl çətinliklərimiz Füzulidən çıxandan sonra başladı", - Nizami danışır.

Onun sözlərinə görə, İmişlidə qaçqın şəhərciyində çox çətinliklər yaşayıb.

İmkansızlıq, soyuq evlər, işsizlik.

Həmin dövrdə ailədə təkcə Nizaminin anası işləyir, ailəni saxlamağa çalışırdı.

Həyat onlar üçün heç də düşünüldüyü qədər asan olmayıb: "Beş nəfər bir otaqda qalırdıq. Evlər dəmirdən olduğu üçün çox soyuq olurdu. Kimin imkanı çatırdısa, özünə palçıqdan ev tikirdi …".

Nizami 2005-ci ilə qədər ailəsi ilə İmişlidə yaşayır. Sonra isə Bakıya gələrək, müxtəlif işlərdə işləməyə başlayır.

Cefri Verbok 2008-ci ildə Azərbaycana gələndə Nizamini asanlıqla tapa bilmir. Çünki onun əlində Nizaminin 14 yaşı olanda çəkilən fotosundan başqa heç bir məlumat yox idi. Bir neçə rayonu gəzəndən sonra nəhayət, Nizaminin ailəsini tapa bilir.

Cefri Verbok Nizaminin ifa etdiyi muğam haqqında film çəkməyə başlayır. Filmin çəkilişi 2015-ci ildə tamamlanır:

"Cefri haqqımda iki film çəkib. Biri uşaq olanda ifa etdiyim muğam, ikincisi isə 2008-2015-ci ildə çəkilən filmdir. İkinci filmin təqdimatı 2017-ci ildə Nizami kinoteatrında oldu. Həmin ərəfədə Avropa Azərbaycan Cəmiyyətinin rəhbəri Tale Heydərovun çox dəstəyini gördüm".

Hazırda Cefri Verbok Nizami haqqında üçüncü filmi çəkməyi düşünür. Buna görə də Bakıya gələndə onunla ilə görüşür, söhbətləşir.

© Sputnik / Irade JELILNizami Paşayev
Ağlayaraq muğam oxuyan o balaca oğlan: Cefri filmin üçüncü hissəsini yəqin Füzulidə çəkər - Sputnik Azərbaycan
Nizami Paşayev

Nizami hesab edir ki, filmin üçüncü hissəsi yəqin Füzulidə çəkilər.

Sənətə marağı böyük olsa da, yaşadığı sıxıntılar, maddi problemlər ona sənətinin arxasınca getməyə mane olur. O, təhsil ala bilmir və taleyin yönləndirdiyi istiqamətə üz tutur, hərbçi olur:

"Mən yenidən təhsil almaq istəyirəm. Məsələn, Mənsum İbrahimovun tələbəsi olmağı çox arzulayıram. İstərdim o, mənimlə məşğul olsun. Dost-tanışın toyuna dəvət alıram. Amma axı mənim arzum xanəndə olmaq idi. Buna can atıram".

Qəhrəmanımızın dünyaya göz açdığı Zərgər kəndi artıq düşmən işğalından azad edilib. İndi onun bir arzusu var. Zərgərdə muğam ifa etmək. Deyir ki, aradan uzun illər keçməsinə baxmayaraq, evləri dağıdılmayıbsa, bu gün Zərgər kəndinə gedib asanlıqla onu tapa bilər.

 

Xəbər lenti
0