İnsanlar artan COVID-19 statistikası fonunda mövsümi xəstəliklərlə necə mübarizə aparacaqlarını bilmir və ən əsası simptomları qarışdırmaqdan ehtiyat edirlər.
Payızın gəlişi ilə birlikdə qrip və soyuqdəymə mövsümü də başlayıb. İnsanlar artan COVID-19 statistikası fonunda bu xəstəliklərlə necə mübarizə aparacaqlarını və ən əsası da qriplə koronavirus simptomlarını bir-birindən hansı yolla ayıracaqlarını bilmirlər.
Artıq bütün dünyada koronavirus pandemiyası insanlarda əvvəlki kimi qorxu hissi deyil, qıcıq, əsəbilik yaradır. Bakıda isə gündəlik 2 min nəfərə çatmış yoluxma statistikası artıq heç kimi təəccübləndirmir.
Koronavirusun yayılması və mümkün nəticələrinin qarşısının alınması məqsədilə ölkədə karantin rejiminin müddəti 28 dekabr 2020-ci il, saat 06:00-a qədər uzadılıb. Sərt karantin rejimi Şəki, Lənkəran, eləcə də Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz bölgələrində dekabrın 7-dək qüvvədə qalacaq.