BAKI, 21 noyabr — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan, Vaqarşak Arutyunyanı Müdafiə Nazirliyinin heyətinə təqdim edərkən Azərbaycanın Qarabağ bölgəsindəki qarşıdurmanın kəskinləşməsindən sonra orduda və ümumilikdə Silahlı Qüvvələrdə islahatların aparılmasının vacibliyini vurğulayıb.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Paşinyan silahlı qüvvələrin uğurlu fəaliyyəti üçün "orduda və Silahlı Qüvvələrdə sağlam ənənələri pozmadan yeni bir məntiq, yeni taktika və strategiya qurmağın çox vacib olduğunu" qeyd edib.
"Biz baş verənləri ciddi şəkildə təhlil etməli, harada və niyə səhv etdiyimizi, bu səhvlərdən nəticə çıxarmaq üçün nəyin lazım olduğunu müəyyən etməliyik. Ümumiyyətlə, orduda və silahlı qüvvələrdə islahatların aparılması zərurəti ilə qarşılaşdığımız aydındır" – deyə o əlavə edib.
Yeni müdafiə naziri qısa müddətdə islahatlar paketinin inkişafına ümid etdiyini vurğulayıb. Arutyunyan ötən gün Müdafiə Naziri vəzifəsinə təyin edilib.