BAKI, 21 noyabr - Sputnik. Gürcüstanda hakim "Gürcü arzusu" partiyasının namizədləri parlament seçkilərinin ikinci turunun ilkin nəticələrinə görə bütün birmandatlı dairələrdə qalib gəliblər. Onlar mümkün 150 mandatdan 90-nını qazanıblar.
Sputnik Gürcüstan xəbər verir ki, bu barədə hakim"Gürcü arzusu" partiyasının icraçı katibi İrakli Kobaxidze bildirib.
Onun sözlərinə görə, müxalifətin ikinci tur seçkilərini boykot etməsinə baxmayaraq, Gürcüstanın yarım milyondan çox vətəndaşı seçkilərin ikinci turunda səs verib.
"Səsvermənin ilkin nəticələri ilə bağlı məlumatlarımız var. Gözlənildiyi kimi, "Gürcü Arzusu" partiyasının namizədləri 17 dairənin hamısında qalib gələrək parlament mandatı alıblar. Bu səbəbdən növbəti parlamentdə Gürcü Arzusu 90 millət vəkili ilə təmsil olunacaq", - deyə o, bildirib.
Qeyd edək ki, bu gün Gürcüstanda 10-cu çağırış parlament seçkilərinin ikinci raundu olub. Saat 20:00-da seçki dairələrinin qapıları bağlanılıb və sayım prosesinə başlanılıb.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının (CESKO) məlumatına görə, seçici fəallığı aşağı olub, cəmi 26,29 % faiz təşkil edib. Parlament seçkilərinin ikinci raundu 17 birmandatlı (majoritar) dairə üzrə keçirilib. Bunlardan 8-i Tbilisidə, 9-u isə regionlarda yerləşir.
Gürcüstanın 8 müxalif partiyası seçkiləri boykot edib və ilk raunda qazandığı mandatlarından imtina edib.