Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 20 noyabr — Sputnik. Ağdamın adı çəkiləndə yada düşən insanlardan biri də odur. Onun səsi ruhun səsi idi. Oxuyarkən onun düşdüyü durumlar, keçirdiyi hallar həm muğamın, həm də insanın ruhani imkanlarının nəyə qadir olduğunu göstərirdi. Söhbət Qarabağ xanəndəlik məktəbinin tanınmış nümayəndələrindən biri olan məşhur xanəndə Qədir Rüstəmovdan gedir. Qədir Rüstəmovun səsi qədimlərdən gəlirdi. Onun səsi çağımızda qədimliyimizdən nadir soraq idi. Yüksək tessituralı səsə malik sənətkar daha çox "Sona bülbüllər" mahnısı ilə məşhur olub. "Şöhrət" ordeni , Azərbaycan Respublikasının Xalq artisti və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olan sənətkarın ifasında bir sıra muğam dəstgahları – "Rast", "Çahargah" lentə alınaraq radionun fondunda saxlanılır.
Qeyd edək ki, bu gün ölməz sənətkarın doğum günüdür. Sənətkar ömrünün son günlərinə qədər doğulduğu torpağın - Ağdamın həsrəti ilə yaşayıb. Xanəndənin ömür-gün yoldaşı Fatma Rüstəmova müsahibələrin birində demişdi ki, "Qədir Qarabağı, Ağdamdakı evini istəyirdi. Türkiyədə xəstəxanada komada yatanda Aqil Abbas yanına gəlmişdi. Həkimlər reaksiyasını yoxlamaq məqsədi ilə xahiş etdi ki, Qədirin qulağına nəsə pıçıldasın. Aqil müəllim əyilib qulağına pıçıldadı ki, "Ay Qədir, Ağdamı alıblar, dur gedək, aç gözlərini". Bu vaxt əli tərpənməyə başladı. Ağdama atılan raket Qədirin əkdiyi tut ağacının budağını yaralamışdı. Qədir həmin tutdan iki dəyirmi ağac kəsdi. Onu Azərbaycan Milli Tarix Muzeyinə Ağdamın yadigarı kimi vermişəm".
Sənətkar haqqında "Qədirin sorağında", "Qədir Rüstəmov", "Memar", "Bu səs Qədirin səsidir" və "Muğamat var olan yerdə" kimi filmlər lentə alınıb.