Dünyada koronavirusa yoluxanların sayı artıq 56 milyon nəfəri keçib. Onlardan dörddə biri Avropanın payına düşür. Burada son zamanlar COVİD-19 virusunun ikinci dalğası yaşanır. Fransa, Böyük Britaniya, İtaliya və Almaniya kimi ölkələrdə gündəlik artım on minlərlə insan təşkil edir. Fransada bir gün ərzində 60 486 nəfər koronavirusa yoluxub ki, bu da ölkə üçün pandemiya başlayandan rekord rəqəmdir.
Bəs hökümətlər epidemiyanın yeni dalğası ilə necə mübarizə aparırlar? Yunanıstanda sms-icazə, Fransada - komendant saatı, Polşa və bir sıra digər ölkələrdə ticarət və əyləncə mərkəzlərinin fəaliyyətinə məhdudiyyətlər tətbiq edilib.
Lakin Avropa sakinlərinin məhdudiyətlər xoşuna gəlmir. Qitənin bəzi şəhərlərində lokdaun və karantin qaydalarına qarşı etirazlar keçirilir, polislərlə toqquşmalar baş verir. Ekspertlər yeni iqtisadi böhranın da proqnozunu verirlər. Qarşıdan Yeni il gəlir. Bu ərəfədə mağazalar, restoranlar, aviaşirkətlərin gəlriləri bir neçə dəfə artır. Lakin lokdaunlar bundan sonra da uzadılsa biznesmenlər ili zərərlə baş vuracaq.