BAKI, 18 noyabr- Sputnik. Son günlərdə yağan güclü yağışlar paytaxtın Suraxanı rayonu Yeni Günəşli yaylası, "V" yaşayış massivində fəsadlara yol açıb. Torpaq sürüşməsi nəticəsində yol çöküb və asfalt örtüyü qırılaraq hərəkət üçün çətinlik yaradıb. Eləcə də orada bir neçə metr dərinliyi olan quyu əmələ gəlib və kommunikasiya xərtləri sıradan çıxıb.
Sputnik Azərbaycan xəbər verir ki, yağıntılar ətrafdakı evlərə də ziyan vurub. Həyətlərdə və divarlarda iri çatlar əmələ gəlib. Evlərdən birində əyilmə baş verib və həyət 30 santimetrə yaxın çöküb. Ev sahibi Zamin Abdullayev deyir ki, evdə yaşamaq təhlükəli olduğundan kirayə mənzil tutub:
"Yolda gördüyünüz kimi kommunikasiya xətləri tamam dağılıb. Yeralti xətlər - sular, kanalizasiya xətləri sıradan çıxıb. Evin də hər mərtəbəsində, otaqların bir tərəfində əyilmə baş verib. Həyət də gördüyünüz kimi tam çöküb. Yolun da əvvəlki halı ilə indiki arasında 2 metr fərq var. Yəni yol 2 metr çöküb".
Əkbər Ələsgərova məxsus ev isə tamamilə yararsız vəziyyətə düşüb. Divarlar aralanıb və evin bir hissəsi xeyli çöküb. Ev sahibi deyir ki, dəhlizin sol tərəfi ilə sağı arasında 1 metrdən artıq fərq var:
"2-3 gün əvvəl yağan yağışlar nəticəsində ev tamamilə bu vəziyyətə düşüb, çöküb. Döşəmədə fərq budur. Sağla solun fərqi metrdən artıqdır, çöküb. Divarda da belə iri çatlar yaranıb, bəzi hissələrdə tam aralanıb. Bütün ev yararsız vəziyyətdədir. Hazırda qonşuluqda yaşayan oğlumun evindəyik, yığışmışıq oraya".
Vəziyyətlə bağlı aidiyyəti qurumlara məlumat verilib.