BAKI, 17 noyabr — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Erməni qoşunlarının Qarabağdakı hərbi məğlubiyyətinin səbəbini ilk növbədə Ermənistanın müdafiənin təşkilində yol verdiyi açıq-aşkar səhvlərdə axtarmaq lazımdır. Erməni tərəfi 45 sutka ərzində (27 sentyabrdan bəri) qondarma "təhlükəsizlik zona"sının (keçmiş Azərbaycan SSR-in tərkibindəki Dağlıq Qarabağ Muxtar Vilayətinin xaricindəki yeddi rayonu - red.) demək olar ki, bütün ərazisi və 1991-ci il sərhədləri daxilində Dağlıq Qarabağın bir hissəsi üzərində nəzarəti itirdi. Bununla belə, Azərbaycan ordusu qazandığı uğuru bir az da möhkəmləndirə və daha çox qələbə əldə edə bilərdi. Çünki Şuşa şəhərinin itirilməsi və Laçın dəhlizinin mühasirəyə alınması, erməni qoşunlarının tamamilə məhvi demək idi. Lakin beynəlxalq avtoritet və Rusiyanın sülhməramlı əməliyyatları sayəsində müharibə dayandırıldı.
Ermənistanın baş naziri Nikol Paşinyan dünən bəyan etdi: "Şuşa ilə yanaşı, 7 rayonu Azərbaycana verməyə razı olsaydıq, müharibədən qaça bilərdik. Ancaq biz bununla razılaşmaq istəmirdik. Ermənistan hökuməti, Ermənistan silahlı qüvvələri bu çağırışı qəbul etdi və sona qədər mübarizə apardı".
Bu bəyanat hər şeydən öncə öz hərbi gücünü həddən artıq yüksək qiymətləndirib qarşı tərəfin hərbi imkanlarının lazımınca dəyərləndirilməməsindən xəbər verir ki, bu da dövlət başçısı üçün bağışlanmaz səhvdir.
Rusiya Federasiyasının prezidentinin Vladimir Putinin verdiyi məlumata görə, "Qarabağda gedən döyüşlər nəticəsində mülki əhali arasındakı qurbanların sayı dörd min nəfəri keçib, səkkiz mindən çox adam isə yaralanıb. Müxtəlif mənbələrin məlumatına əsasən, qaçqın düşmüş insanların sayı on minlərlədir".
Ermənistan rəhbərliyinin strateji səhvinin nəticəsi çox fəlakətlidir, elə deyilmi?
Nikol Paşinyan özünü Dağlıq Qarabağdakı hərbi əməliyyatların nəticəsinin əsas cavabdehi olduğunu etiraf edib, bununla belə indi bir məsələni başa düşmək daha vacibdir: bundan sonra nə etməli? Belə təəssürat yaranır ki, Yerevanın hələ də böhranın həlli və milli ordunun lazımi döyüş qabiliyyətini bərpa etmək üçün heç bir planı yoxdur.
Üzücü qeyri-müəyyənlik
Erməni tərəfinin məğlubiyyəti – Ermənistan ordusundan çox hərbi-siyasi rəhbərliyin "xidməti"dir. Yanlış strategiya və taktika heç vaxt uğura gətirib çıxara bilməz və döyüş meydanında düşmənin hərbi sursatından daha təhlükəlidir.
Ermənistanın müdafiə naziri David Tonoyanın fikrincə, Ermənistan ordusu Qarabağda əlindən gələni edib. Yaxşı bəs Azərbaycan tərəfini niyə əvvəlcədən (28 il ərzində) hazırlanmış müdafiə mövqelərində saxlamaq mümkün olmadı? Bunu Türkiyə PUA-larının ayağına yazmaq sistemli məğlubiyyətin izahı üçün yetərli arqument deyil və hətta çox zəifdir.
Ümumi səfərbərliyi nəzərə almadan belə, Ermənistan ordusu 45 min fəal hərbçiyə sahib idi. O da məlum oldu ki, qondarma "Dağlıq Qarabağ ordusu"nda əvvəllər elan edildiyi kimi heç də 30 min "süngü", 300 tank, bir neçə yüz piyada döyüş maşını və zirehli nəqliyyat vasitəsi yox imiş. Paşinyanın açıqlamasına görə, 40 günlük ümumi səfərbərlikdən sonra, atəşkəs razılaşması bağlandığı zaman Qarabağda cəmi 20 min erməni əsgəri var idi.
Və belə məlum oldu ki, erməni tərəfinin heç müdafiə planı da yox imiş, onlar vəziyyətə görə hərəkət edirlərmiş. İlk günlərdə kəşfiyyat qarşı tərəfin niyyətləri barədə dəqiq məlumata sahib olmayıb, təmas xəttindəki erməni qoşunları isə çox passiv şəkildə müdafiəyə keçiblər. Azərbaycan qoşunları da canlı qüvvə sarıdan böyük üstünlüyə malik olmasa da (aktiv döyüş əməliyyatlarına təxminən 30 min hərbçi iştirak edirdi) bütün istiqamətlər üzrə fəallıq nümayiş etdiriblər.
Cənubda qarşı tərəfin güclü zərbə qruplaşması müşahidə olunmurdur, əməliyyat-manevr qruplarından da istifadə edilməmişdi, lakin buna baxmayaraq Azərbaycan qoşunları həmin ərazidə irəliləyiş eldə etdilər ki, bu da erməni tərəfinin effektiv idarəetmə sistemi və mobil ehtiyatlara malik olmaması səbəbindən baş verdi. Azərbaycan hərbçiləri Füzuli rayonunu və Hadrut qəsəbəsini azad etdi, Qarabağa silah, sursat və ehtiyat tədarükü üçün nəqliyyat yollarını bağladı (istənilən müharibədə uğurun 90 faizi maddi-texniki bazadan asılıdır).
Dağlıq ərazilərdə qoşunların irəliləməsi üçün kifayət qədər təbii maneələr var. Atəş pusquları, diverisya-kəşfiyyat qrupları, mina və digər partlayıcı vasitələrlə belə yerlərdəki təbii maneələri tamamilə aşılmaz hala gətirmək mümkün idi. Lakin Qarabağın yolları Azərbaycan bölmələrin üzünə tamamilə açıq idi ki, bu da Şuşa qala-şəhərinin məğlub olmasının əsas səbəblərindən biridir və sonradan hadisələrin gedişatına öz əhəmiyyətli təsirini göstərdi.
"Bayraktar" əfsanəsi
Azərbaycan PUA-larının uğuru və Ermənistan ordusunun texnoloji cəhətdən geri qalması haqqında çox yazırlar. Bir məqamı qeyd etmək vacibdir: Dağlıq Qarabağdakı döyüş əməliyyatlarında tətbiq olunan Türkiyə istehsalı "Bayraktar" – orta yüksəklikli əməliyyat-taktiki pilotsuz təyyarələrin döyüş gücü bu qədər şişirdilməməlidir.
Əslində, bu cihaz müasir zenit raket sistemlərinin radarlarında aydın şəkildə görünür. Azərbaycan tərəfi PUA-dan ona görə kifayət qədər fəal şəkildə və uğurla istifadə etdi ki, Ermənistanın hücumundan müdafiə və radioelektron döyüş sistemləri yox idi. Halbuki bu iş üçün milyardlarla vəsaitə ehtiyac yoxdur. Özü də əvvəllər Ermənistan deyəsən, baş verə biləcək "PUA müharibəsi"nə hazırlaşdığını bəyan etmişdi.
“Bayraktar” özü ilə 150 kq silah-sursat götürə bilər, yəni, iki korrektə olunan MAM-L (hərəsi 25 kq) aviabombası və 70 mm-lik idarəolunmayan reaktiv mərmisinin (hərəsi 50 kq) əsasında təşkil olunmuş iki MAM-C raketini. Aparat “Fərat qalxanı” (2017-ci il, İŞİD-ə qarşı) və “Zeytun budağı” (2018-ci il, kürd silahlılarına qarşı) antiterror əməliyyatları zamanı özünü yaxşı tərəfdən göstərib. Lakin yenə də Suriya və Liviyada sovet və Rusiya istehsalı olan "Buk", "Kvadrat" və "Pansir" zenit-raket kompleksləri "Bayraktar"ların öhdəsindən gəlirlər. Ən yaxşı nəticəni "Buk-M2E" göstərib - buraxılan 15 raketdən 20-si hava hədəfinə dəyib.
İstənilən halda, döyüş əməliyyatında kəşfiyyat-zərbə dronlarının faəl şəkildə tətbiqi Azərbaycan tərəfinə quruda uğurun zəmanətini vermirdi. Düzgün təşkil olunmuş, dərin eşelonlanmış müdafiə düşmənin xeyli üstün sayda qoşununu və hərbi texnikasını “əridə” bilər. Dağlıq Qarabağda biz bunu görmədik, fərdi döyüş qabiliyyəti isə müdafiənin bütün dərinliyində qoşunların yüksək təşkilatlılığını əvəz edə bilməz. Ona görə baş nazir Paşinyanın “yeni tipli” erməni ordusuna çoxlu sayda qadının cəlb edilməsi ideyası qəribə görünür. Düzgün nəticələr çıxarılmayıb.
Yüksək hərbi təşkilatçılıq və müasir silahlar təmin olmuş, təlim görmüş qoşunların effektivliyi əvvəlcə ölkənin hərbi-siyasi rəhbərliyinin beynində yetişməyə başlayır.