BAKI, 17 noyabr — Sputnik. Qarabağ üzrə bəyanatdan sonra Baş nazir Nikol Paşinyanın gözlərində bircə dəfə kədər olub, o da konyak və odekolonun itdiyinə görə təəssüfləndiyi vaxt. Sputnik Ermənistan xəbər verir ki, bunu "Çiçəklənən Ermənistan" partiyasının deputatı Naira Zöhrabyan bildirib.
Onun sözlərinə görə, hazırda parlamentdə Nikol Paşinyanın istefasından başqa heç bir məsələni müzakirə etmək olmaz: "Nikol Paşinyan! Mən sizin odekolonunuzu, konyakınızı qaytaracağam, ancaq gedin. Gedin ki, biz yeni güclə, yeni şəxslərlə sizin türklərə verdiyinizi xilas edə bilək".
Qeyd edəək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Liderlər Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılır. 2020-ci il noyabrın 15-də ( sonradan bu müddət noyabrın 25-dək artırılıb) Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.
Bundan sonra Ermənistanda hakimiyyətə qarşı etiraz aksiyaları başlayıb.