Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 16 noyabr — Sputnik. Xəbər verdiyimiz kimi, ötən gündən etibarən Azərbaycanda istilik mövsümünə start verilib. Lakin buna baxmayaraq hələ də, istilik ala bilməyən binalar var. Bakı və Sumqayıtın bəzi ərazilərində də bənzər problemlər yaşanır.
"Azəristiliktəchizat" ASC-nin "Sumqayıtistiliktəchizat" İdarəsinin Abonent və Müştəri Xidmətinin rəisi Binəli Əliyev Xeberle.com-a açıqlamasında məsələyə belə münasibət bildirib: "Noyabrın 15-dən etibarən payız-qış mövsümünün başlanması ilə əlaqədar ölkədə yaşayış binalarına və sosial obyektlərə istilik verilməli idi. Lakin "Azəristiliktəchizat"la "Azəriqaz" İstehsalat Birliyi arasında yaranan problem istilik təchizatının gecikməsinə səbəb olub".
"Bütün qazanxanalar işlək vəziyyətdədir. Sadəcə, "Azəriqaz”la "Azəristiliktəchizat" arasında hər zaman qazın verilişi ilə əlaqəli problemlər yaranır. "Azəriqaz” İB-nin hər zaman kimi mövsümün başlanğıcında yenidən problemləri gündəmə gətirib. İdarələrarası borc məsələsinə gəldikdə isə, bu, idarələr arası hər zaman olan problemlərdəndir".
"Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov Sputnik Azərbayan-a bu açıqlamaya münasibət bildirib və problemin nədən qaynaqlandığını açıqlayıb: "İstilik təchizatçısı "Azərisitliktəchizat" ASC olduğundan abonentlər problemlərini onlardan soruşmalıdırlar. Yəni, biz sadəcə olaraq qazanxanalara qazı veririk. Həm qazanxanalar, həm ayrı-ayrı mərkəzləşdiirlmiş istilik sistemi təchizatçısı olan struktur vahidləri özləri problemlərini qabartmalı, gündəmə gətirməlidirlər. Biz istənilən qaz təchziatçısının sifarişini yerinə yetirməyə hazırıq. Qaz təchizatında hər hansı qıtlıq, ehtiyyatla bağlı problem yoxdur".
"Həmin binalar istiliyi qazanxanadan alır, məişətdə istifadə olunan qazı isə ayrıca alırlar. Həmin binalarda məişətdə qazın verilişində hər hansı problem yoxdur. Sadəcə olaraq problem istilik aldıqları qazanxanalardan gəlir. Bu problemi də həmin struktur özü açıqlamalıdır", - deyə C.Səfərov əlavə edib.