CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məcburi köçkünlərə bu halda müavinətlərin verilməsi 3 il davam edəcək

Abunə olmaq
Fuad Hüseynov deyib ki, qanunlara uyğun olaraq məcburi köçkünlər öz doğma torpaqlarına qayıtdıqdan sonra statuslarını itirirlər

BAKI, 14 noyabr — Sputnik. "Məcburi köçkün soydaşlarımızın mütləq əksəriyyəti öz doğma torpaqlarına qayıtmaq əzmindədir. Təbii ki, məcburi köçkünlərin öz torpaqlarına qayıtması məsələsi könüllülük əsasında aparılacaq".

Sputnik Azərbaycan-ın "Report"a istinadən xəbərinə görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib. "Biz əminik ki, cənab Prezidentimizin də qeyd etdiyi kimi, məcburi köçkün soydaşlarımız üçün işğaldan azad olunmuş doğma torpaqlarımızda cənnət məkanı yaradılacaq. Ora qayıtmaq isə hər bir keçmiş məcburi köçkün üçün bir fəxarət hissi olacaq", - o vurğulayıb.

O bildirib ki, Azərbaycanda məcburi köçkün və qaçqınlarla bağlı iki qanun mövcuddur. Onlardan biri "Məcburi köçkün və qaçqınların statusu haqqında" digəri isə "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" qanunlardır. Fuad Hüseynov deyib ki, həmin qanunlara uyğun olaraq məcburi köçkünlər öz doğma torpaqlarına qayıtdıqdan sonra statuslarını itirirlər: "Müavinətlərin verilməsi məsələsinə gəldikdə isə onu deyə bilərəm ki, hətta öz doğma torpaqlarına qayıtdıqdan sonra 3 il müddətində keçmiş məcburi köçkün soydaşlarımıza sosial yardımın verilməsi və sosial müdafiə tədbirlərinin görülməsi davam etdiriləcək".

Xəbər lenti
0