CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda işsizlərə qısamüddətli peşə təlimləri keçiriləcək

© Photo : BMU mətbuat xidmətiAuditoriyada tələbələr, arxiv şəkli
Auditoriyada tələbələr, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov bildirib ki, bu peşə təlimləri işsiz şəxslərin əmək bazarında tələbat olan sahələrdə çalışmasına dəstək olacaq.

BAKI, 12 noyabr - Sputnik. Azərbaycanda işsiz şəxslər üçün pulsuz kurslar, təlimlər təşkil ediləcək. Bu barədə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov məlumat verib. O, bildirib ki, bu peşə təlimləri işsiz şəxslərin əmək bazarında tələbat olan sahələrdə çalışmasına dəstək olacaq:

“Peşə təhsili bildiyiniz kimi bir, iki və üç illikdir. İş axtaran şəxslərə bəzi peşələr üzrə qısamüddətli kurslar, təlimlər təşkil etmək niyyətindəyik. Bir çox xidmət sahələrində kadrların hazırlanması üçün təlimlərə başlayacağıq. Bu, iş axtaran şəxslərin təlim keçərək işə qəbuluna imkan yaradacaq”.

C. Kərəmov orta təhsili başa vuran gənclərin bir qisminin həm ali, həmçinin də peşə təhsilindən kənarda qaldığını vurğulayıb. O, bildirib ki, peşə təhsili ilə bağlı bu qədər islahatlar aparılmasına baxmayaraq, hələ də peşə məktəbləri cəmiyyətimizdə populyarlıq qazana bilməyib:

“Valideynlərin çoxu öz övladının peşə təhsili almasının yox, ali məktəbə qəbul olunmasının tərəfdarıdırlar. Amma bu gün artıq cəmiyyətdə peşə təhsilinə tələbat artıb”.

Qeyd edək ki, son illərdə bütün dünya üzrə peşə təhsilli mütəxəssislərə tələbat artıb. İşəgötürənlər ali məktəbləri bitirənlərdən çox peşə təhsili verən kollec məzunlarına üstünlük verirlər. Mütəxəssislər bunu peşə təhsili müəssisələrində təlim görmüş şəxslərin nəzəri biliklərlə yanaşı təcrübəyə də malik olmaları ilə izah edirlər.

Kərəmov qeyd edib ki, ölkəmizdə fəaliyyət göstərən bir sıra modern tipli peşə təhsili müəssisələrini bitirənlər asanlıqla yeni iş yerlərində özlərini doğrulda biliblər. Və nəticədə onlar peşə təhsili müəssisələri məzunlarının bir növ reklamı ilə məşğul olublar. İndi bəzi işəgötürənlər həmin məktəbləri bitirən ixtisaslı kadrları həvəslə işə götürürlər. 

P.s. Yazı "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "Yuxarı sinif şagirdləri və ali təhsil almaq imkanı olmayan gənclər arasında peşə təhsilinin təbliği" layihəsi çərçivəsində hazırlanıb.

Xəbər lenti
0