Müasir şəhərdə hərəkət dayansa, həyat da dayanmalıdır. Bu günün Bakısı bir il öncə gördüyümüz Bakıdan xeyli fərqlənir. Koronavirus pandemiyası ilə başlanan məhdudiyyətə hərbi vəziyyətlə bağlı komendant saatı da əlavə olunub. Yəni axşam saat 21.00-dan sonra küçədə gəzə bilməzsən. Şənbə-bazar nəqliyyatın dayanması, metronun ümumiyyətlə işləməməsi də şəhərin həyatını bir az da dondurur.
Bir çox insan adətən ofisdə çalışır
Böyük ticarət mərkəzləri, teatr və kino zalları da bağlıdır. Tələbə və məktəblilər elə məsafədən onlayn təhsil almaqla məşğuldurlar. Şəhərin öz ritmi var, yəni bu ritmi saxlamasa, tədricən aşılanma gedəcək. O da canlıdır, lap insan kimi. Orqanizmin qan-damar sistemi hərəkətsizlikdən çökdüyü kimi, böyük meqapolislər də durğunluqdan məhv olub gedirlər. Şəhərdə yaşayan hər bir kəs hərəkət etməklə şəhəri yaşadır. Hərəkət yoxdursa, yaşayış məntəqəsi öləcək.
Şəhərin nəbzi orada yaşayan insanların nəbzi ilə birgə döyünür. Şəhərdə yaşayan insanın fiziki yükü, demək olar, həmişə aşağıdır. Tikintidə, hər hansı bir istehsalatda çalışan zəhmətkeş kütləni istisna etməklə, bir çox insan adətən ofisdə çalışır. Hətta dükanda satıcı belə işləsən, yenə da kifayət qədər hərəkət etmək imkanın yoxdur. Kassir, ekspeditor, həkim, vəkil, sürücü kimi peşə sahiblərinin gərginliyi çox olsa da, fiziki yükləri yoxdur.
Min illərlə insanlar olduqca böyük stres və fiziki aktivlik şəraitində yaşayıblar. Bu səbəbdən həm maddələr mübadiləsi, həm orqanizmin toksinlərdən təmizlənməsi dayanmadan baş verib. Elə bircə at sürməklə birdəfəlik böyrəklərdə toplanan artıq duzlardan azad olmaq mümkün olurmuş. İnsan həm torpaqda çalışırmış, həm ev tikirmiş, həm at çapırmış. Atı olmayanların da gündə 10-15 km yol dəf etməsi normal hal imiş. Avtobus, maşın, qatar olmayan yerdə ayaqlara üstünlük verərmişlər.
Piyada gəzmək asan iş deyil, harada gəzəsən axı?
Şəhər adamının heç gəzməyə də yeri yoxdur, hara getsə, insan əlindən tərpənmək olmur. Piyada gəzmək asan iş deyil, harada gəzəsən axı? Hər dəqiqə tələsirsən, bu vaqondan o vaqona, bu maşından o maşına keçərək mənzil başına çatmalısan. Hər yerdə növbə gözləyib işini yola verməlisən. Hazırda yaranan onlayn imkanlar da müasir insanı bir qədər də hərəkətsiz edir. Daha kontur almaq üçün dükana, işıq-qaz pulunu ödəmək üçün poçta getməyə də ehtiyac qalmayıb. Elə əlindəki telefondan ödəyib işinə davam edə bilərsən.
Bu səbəbdən də şəhərdə yaşayan insanların yaşa dolduqca bir yekə paket xəstəliyi əmələ gəlir. Hərəkətsizlik, stres, havasız şəraitdə çalışmaq, qeyri-təbii qidalanma nəticədə diabet, ürək-damar xəstəlikləri və xərçəngə geniş yol açır. Bu xəstəliklərə tutulmaq istəməyənlər ən həyatda azı bir neçə dəyişikliyə can atırlar. Piyada gəzmək, mümkün qədər təmiz havada olmaq, orqanik qidalanmaya üstünlük vermək sağlam yaşamaq üçün şərait yaradır.
Oturaq həyat tərzi şəkər xəstələrinin sayını birə on artıracaq
Axşam işdən geri dönüb televizor qarşısında dönərlə kola içməkdən zövq alan insanlardan fərqli olaraq idman zalına gedib trenajorda məşq edənlər də az deyil. Sadəcə bu gün koronavirus şəhərin idman imkanlarını da məhdudlaşdırıb. Fitnes klublar, qapalı idman zalları, su hovuzları, hətta hamamlar belə bağlanıb. Hərəkət etməklə həyatını rəngarəngləşdirməyə çalışanların işi çətinə düşüb. Onsuz da oturaq vəziyyətdə yaşamağa məhkum olan şəhər sakini daha da hərəkətsiz olmağa məhkum edilib.
Müharibə ilə bağlı tətbiq edilən təhlükəsizlik tədbirləri, komendant saatı hərəkət imkanlarını bir qədər də azaldıb. Bəlkə də piyada getmək olardı, amma evə zamanında çatmaq üçün bu imkandan imtina etməlisən. Şənbə-bazar nəqliyyatın məhdudlaşdırılması da ən azı bazara, şəhərətrafı bağ evinə, şəhərin o başında yaşayan qohum-əqrəbanı ziyarət etməyə də mane olur. Bir qədər də hərəkətsiz olmağa məhkumsan.
Koronavirus pandemiyasının törətdiyi fəsad toplusunun elementi olan hərəkətsizliyin yarada biləcəyi problemlərin bir çoxu virusun özündən daha ağır olacaq. Oturaq həyat tərzi şəkər xəstələrinin sayını birə on artıracaq.
Ən adi idman vasitələrilə fiziki hərəkətin həcmini artırmaq olar
Hərəkətsizliklə bağlı yaranan problemdən çıxış yolu varmı? Əlbəttə, var. Əgər fiziki yük azalırsa, hər bir fərd “bunu necə kompensasiya edə bilərəm” sualını özünə verməlidir. Lifti ayaqla qalxıb düşməklə, avtomobili piyada gəzməklə əvəzləməklə buna getmək lazımdır. Qidanın həcmini azaltmaq, iş yerində ara-sıra gəzişmək, kiçik bir aclıq hissi olan kimi ağıza nəsə atmaqdan imtina etmək lazımdır. Trenajor zalı işləmirsə, evə kiçik bir qurğu almağına dəyər. Ən adi idman vasitələrilə fiziki hərəkətin həcmini artırmaq olar. Top, idman ipi, rezin qaytan, hərəkətli diskin köməyi ilə aktivliyi artırmaq olar. Yoqa məşqləri üçün isə cəmi bir xalça tələb olunur.
Digər tərəfdən qarşıda gələn ilin büdcəsinə müvafiq tədbirləri reallaşdırmaq üçün lazım olan vəsaiti əlavə etmək lazımdır. Açıq stadionların, velosiped zolaqlarının, parkların inşası prioritet məsələyə çevrilməlidir. Hər hansı bir Avropa ölkəsində belə problem yoxdur, hərəkət etmək üçün istənilən imkan var. Bakıda isə binaların belə sıx inşası əlavə yerlərin yaradılmasına maneə yaradır. Ən azı açıq havada gəzmək, qaçmaq, fəal həyat sürmək imkanları genişləndirilməlidir. Əhalinin sağlamlığı ümummilli əhəmiyyət kəsb edən bir məsələdir. Stadion və parkların inşası yol çəkmək, körpü salmaq, yeni metro stansiyası tikmək qədər vacibdir. Hazırkı dövrdə bunu sonraya saxlamaq olmaz, elə günü sabahdan işə başlanılmalıdır.