CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Peşə təhsilli kadrlara əmək bazarında ciddi tələbat var - Elçin Əfəndi

© Sputnik / Zulfiyya GuluyevaSənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili mərkəzi
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili mərkəzi - Sputnik Azərbaycan
Abunə olmaq
Təhsil üzrə ekspert: “Azərbaycan bu mənada Cənubi Koreya, Yaponiya təcrübələrindən yararlana bilər. Bu ölkələrdə müxtəlif sahələrdə peşə təhsili yüksək səviyyədə inkişaf edib”

BAKI, 7 noyabr - Sputnik. Azərbaycanda son illər peşə təhsili sahəsində ciddi dönüş yaranıb. Ölkəmizdə peşə məktəbləri yenidən qurulur, yeni peşə təhsili mərkəzləri fəaliyyətə başlayır. Bununla belə peşə təhsilinə maraq ali təhsillə müqayisədə çox aşağıdır. Buraxılış siniflərinin məzunları hələ də peşə təhsilinə maraq göstərmir. Bəziləri hətta ali məktəbə qəbulda uğursuz nəticə üzündən məcburən peşə təhsilini seçməli olur. Baxmayaraq ki, bu gün əmək bazarında peşə təhsilli kadrlara ciddi tələbat var. Bəs görəsən cəmiyyətdə peşə təhsilinə marağı artırmaq üçün hansı işlər görülməlidir? Hansı ölkələrin təcrübəsi Azərbaycanda peşə təhsilinin inkişafında istifadə edilməlidir?

Tanınmış təhsil ekspert Elçin Əfəndi ilə söhbətdə bu suallara aydınlıq gətirməyə çalışdıq...

-Elçin müəllim, Azərbaycanda peşə təhsili sahəsində son illər görülən işləri necə qiymətləndirirsiniz?

-Peşə təhsili sahəsində son illər inkişaf var. Bu sahə üzrə agentliyin fəaliyyətə başlaması nəticəsində ölkəmizdə peşə təhsilində bir sıra yeniliklər edildi. Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaranması ilə paytaxtda müasir peşə təhsili mərkəzi yaradıldı. Amma bu sahədə vəziyyəti tam qənaətbəxş saymaq olmaz!

-Sovet dövründə peşə məktəblərinə geniş maraq vardı. Amma hazırda bu maraq hiss olunmur. Sizcə bunun səbəbi nədir?

-Əvvəlki illərlə müqayisədə cəmiyyətdə peşə təhsilinə də maraq artıb. Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi çalışıb bu marağı daha da artırmalıdır. Bunun üçün müxtəlif maarifləndirici addımlar atılmalıdır ki, insanlarda peşə təhsilinə maraq oyansın. Bir sıra müvafiq tədbirlərin görülməsinə ehtiyac var. Düşünürəm ki, gələcəkdə biz bunun müsbət tərəfini göstərəcəyik.

-Sizcə Azərbaycan peşə təhsilinin inkişafında hansı ölkənin təcrübəsindən istifadə etməlidir?

-Bu gün dünyanın bir sıra ölkələrində peşə təhsili çox populyardır. Azərbaycan bu mənada Cənubi Koreya, Yaponiya təcrübələrindən yararlana bilər. Bu ölkələrdə müxtəlif sahələrdə peşə təhsili yüksək səviyyədə inkişaf edib. Xüsusilə elektronika üzrə peşə təhsili bu ölkələrdə çox inkişaf edib. ABŞ da da peşə təhsili üzrə inkişaf var. Peşə təhsili sahəsində ABŞ təcrübəsinin tətbiqi çox yaxşı olar.

-Bəs insanlarda peşə təhsilinə marağı necə oyatmaq olar ki, onlar peşə təhsilinə üstünlük versinlər?

-Bunun üçün gərək insanlar peşə təhsilinin vacibliyini dərk etsinlər. Peşə məktəblərində ixtisaslı kadrların əmək bazarında özlərinə yer tapdığı təcrübələrlə təbliğ olunmalıdır. Əmək bazarında ixtisaslı peşə mütəxəssislərinə tələbat olduğu aşılanmalıdır. İnsanların beyninə yeridilməlidir ki, əvvəllər bəzi yerlərdə ali təhsil diplomları tələb olunurdusa, indi dövr dəyişib. Peşə təhsilli kadrlara əmək bazarında ciddi tələbat var.

P.s. Bu müsahibə "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "Yuxarı sinif şagirdləri və ali təhsil almaq imkanı olmayan gənclər arasında peşə təhsilinin təbliği" layihəsi çərçivəsində hazırlanıb.

Xəbər lenti
0