BAKI, 6 noyabr — Sputnik. MDB (Müstəqil Dövlətlər Birliyi) məkanında əməkdaşlığın hərtərəfli inkişafı Dağlıq Qarabağdakı vəziyyət həll olunmadan mümkün deyil. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu videokonfrans formatında keçirilən MDB Hökumət Başçıları Şurasının iclasında çıxışı zamanı Əli Əsədov bildirib.
"Azərbaycan MDB-yə üzv ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlığın inkişafında maraqlıdır. Lakin birlik çərçivəsində əməkdaşlığın hərtərəfli inkişafı Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həll olunmadan mümkün deyil", - deyə Əsədov qeyd edib.
Azərbaycanın Baş naziri, həmçinin sentyabrın 27-i başlayan münaqişənin gərginləşməsində Ermənistanı ittiham edib. Əsədov rəsmi Bakının addımlarını əks hücum adlandırıb: "Biz özünümüdafiə hüququndan istifadə etdik".
O, həmçinin qeyd edib ki, rəsmi Bakı bu əməliyyatı beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində aparır.