BAKI, 6 noyabr - Sputnik. Bu gün ölkəmizin radio və televiziya işçiləri peşə bayramlarını qeyd edirlər.
1926-cı il noyabrın 6-sı Azərbaycan radiosunun yarandığı gündür. Həmin gün Bakıda ilk radiostansiya fəaliyyətə başlayıb və ölkə paytaxtının küçə və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə «Danışır Bakı!» ifadəsi ətrafa yayılıb.
İlk dövrdə radio verilişlərinin gündəlik efir vaxtı 2 saat təşkil edib. Sonradan bu vaxt 4 saata, daha sonra 6 saata çatıb. 1956-cı il fevralın 14-də isə Azərbaycanda ilk televiziya verilişi efirə çıxıb — Bakı Televiziya studiyası fəaliyyətə başlayıb.
6 noyabr Azərbaycan Televiziyası və Radiosu günü kimi qeyd olunur.