BAKI, 5 noyabr — Sputnik. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə bu ilin dekabrında görkəmli yazıçı, ssenariçi, rejissor və kino təşkilatçısı Həsən Seyidbəylinin anadan olmasının 100 illik yubileyi təntənə ilə qeyd olunur.
Sputnik Azərbaycan Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) istinadən xəbər verir ki, Təşkilat Komitəsinin üzvü və 17 il sədr kimi rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqı da məşhur ekran ustasının xatirəsinə öz töhfəsini vermək üçün tədbirlər planı hazırlayıb.
H.Seyidbəyli haqqında məqalələr toplusunun nəşri də həmin tədbirlərdən biridir. Topluya görkəmli yazıçı və ekran ustasının şəxsiyyəti, yaradıcılığı və filmləri haqqında araşdırma yazıları, eyni zamanda, filmlərinin kadrarxası məqamlarını əks etdirən məqalələr, aktyorlar və H.Seyidbəylinin övladları ilə müsahibələr, görkəmli adamların onun haqqında fikirləri daxil edilib. Sənətkar ömrünün müxtəlif məqamlarını əks etdirən fotoşəkillər və filmlərindən kadrlar onun şəxsiyyət və yaradıcı insan kimi portretinin bitkin olmasına yardım göstərəcək.
Onu da qeyd edək ki, toplunun nəşrinin ideyası AKİ-nin sədri R.İbrahimbəyova məxsusdur.
Toplunun tərtibçisi N.Əbdülrəhmanlı, redaktoru Sevda Sultanova, nəşrə məsul Əli İsa Cabbarovdur.
Nəşr Azərbaycan Kinematoqrafçılar İttifaqının "Kino sənətkarlarımız" seriyasından ilk nəşrdir.