BAKI, 5 noyabr — Sputnik. Belarusda Nexta Teleqram kanalının yaradıcıları Stepan Putilo və Roman Protaseviçə qarşı axtarış elan olunub. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, onlara qarşı "kütləvi iğtişaşlar təşkil etmə" və "ictimai qaydanı kobud şəkildə pozan qrup hərəkətlərini təşkil etmə" maddələri ilə cinayət işi açılıb. Bu barədə Belarus İstintaq Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Xəbərdə o da qeyd olunur ki, bundan əlavə, sözügedən şəxslər peşə mənsubiyyəti əsasında qəsdən sosial düşmənçiliyi qızışdırmağa yönəlmiş hərəkətlər törətməkdə də təqsirləndirilirlər.
Qeyd edək ki, Nexta Telegram kanalı Belarusda etiraz aksiyaları zamanı əsas məlumat mənbələrindən biri kimi çıxış edib. Həmin vaxt bir həftə ərzində kanalın abunəçilərinin sayı 300 mindən 2 milyona yüksəlib.