Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladıqdan sonra Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) işi əhəmiyyətli dərəcədə artıb. Hər gün Daxili İşlər və Fövqəladə Hallar Nazirliklərinin qaynar xətlərinə Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmuş müxtəlif bölgələrin sakinlərindən yüzlərlə zəng gəlir.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən, qarşı tərəf hətta cəbhə bölgəsində xeyli uzaqda yerləşən yaşayış məntəqələrini atəşə tutur.
Hər bir atəşdən sonra ANAMA əməkdaşları həmin ərazilərdən partlamamış silah-sursat hissələrini toplayırlar.
Belə ki, sentyabrın 27-dən başlayaraq minaaxtaranların mobil qrupları dəfələrlə Ağdam, Ağcabədi, Ağdaş, Bərdə, Beyləqan, Biləsüvar, Cəbrayıl, Goranboy, Füzuli, Tərtər, Tovuz, Şəmkir, Hacıqabul və digər rayonların ərazisinə səfər ediblər. ANAMA nümayəndələri həmçinin intensiv atəşə məruz qalan Mingəçevir və Gəncə şəhərlərinin ərazisində də ciddi rejimdə fəaliyyət göstərirlər.
Aşkar edilmiş və zərərsizləşdirilmiş silah-sursatlar barədə daha ətraflı Sputnik Azərbaycan-ın infoqrafikasından öyrənmək olar.