Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 1 noyabr — Sputnik. Azərbaycanın işğal altında qalan torpaqlarının qəsbkarlardan azad edilməsi yaxın gələcəkdə qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını aktuallaşdırıb. Bunun üçün beynəlxalq hüquqa söykənən "Repatriasiya haqqında" qanunun qəbul olunacağı nəzərdə tutulur. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev mətbuata açıqlamasında bildirib ki, qəbul olunacaq "Repatriasiya haqqında" qanuna əsasən, bu işlər addım-addım həyata keçirilə bilər: "İnsanların öz torpaqlarına qayıdışı bir günün içində həll ediləcək məsələ deyil. Bu, illərlə davam edən bir proses olacaq. İndiki məqamda əsas hədəfimiz torpaqlarımızın tam olaraq işğaldan azad edilməsidir".
Sputnik Azərbaycan "Repatriasiya haqqında" qanunun qəbulu zamanı hansı nüansların nəzərə alınmalı olduğunu, ümumiyyətlə, "Böyük Qayıdış"ın təmin olunmasında hansı modeldən istifadə edilməsinin məqsədəuyğun olduğunu araşdırıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "Qaçqınkom"da bununla bağlı hər hansı sənəd mövcud deyil: "Bu barədə müvafiq qanunun qəbulundan sonra danışmaq mümkündür".
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "Repatriasiya haqqında" qanun məcburi köçkün icmalarının iştirakı ilə hazırlanmalıdır. Deputat deyir ki, bu qanun ictimai müzakirəyə çıxardılmalı, həmin icmaların təklifləri nəzərə alınmaqla qəbul olunmalıdır: "Burada bir sıra məqamlar öz əksini tapmalıdır. Qayıdışın məcburi istiqamətləri müəyyən olunmalı, həmin icmalarla müzakirə olunmalıdır".
İyirmi yeddi il son ümidini sandıqda qoruyan köçkün: Daha dövlətə yük olmaq istəmirik>>
F.Mustafa onu da qeyd edir ki, bununla bağlı indidən kənar tövsiyələr vermək düzgün olmaz: "Biz elə etməliyik ki, bu proses illərdir məcburi köçkün həyatı yaşayan insanların razılığı ilə gerçəkləşsin".
Deputatın sözlərinə görə, həmin şəxslərə dövlət tərəfindən torpaqlarımız işğalda olduğu müddətdə müxtəlif ərazilərdə evlər tikilərək verilib:
"Qanunda bu evlərin gələcək taleyinə aydınlıq gətirilməlidir. Həmin evlər qayıdışdan sonra dövlətə təhvil verilməlidir. Mülkiyyət məsələsinin necə tənzimlənməsi qanunda öz əksini tapmalıdır. Dövlətin işğaldan azad edilmiş ərazilərdə tikəcəyi evlərdə məskunlaşma zəruridir.
Hətta həmin bölgədən olmayan digər insanların orada məskunlaşması da nəzərdə tutula bilər. Onlar üçün də işğaldan azad olunmuş torpaqlarda yaşamağa şərait yaradıla bilər. Düşünürəm ki, bu, geniş miqyasda qayıdış əməliyyatı olmalıdır. Orada çoxsaylı insanların yaşaması təmin edilməlidir. Burada, təbii ki, müxtəlif kateqoriyadan olan insanların da gedişi təmin oluna bilər. Hər bir halda bütün bu məsələlər həmin icmalarla müzakirə olunandan sonra qərar verilməlidir. Bundan sonra bu məsələlərin hər biri sistemli şəkildə həyata keçirilməldir".
Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın sədri Azər Allahverənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, işğaldan azad edilmiş torpaqlara qayıdış kifayət qədər mürəkkəb prosesdir: "Çünki burada eyni zamanda bir neçə məsələ öz həllini tapmalıdır. Qəbulu nəzərdə tutulan "Repatriasiya haqqında" qanun işlək mexanizmi özündə ehtiva etməlidir. İşğaldan azad olunmuş torpaqlara insanların qaytarılması və orada yaşayışın təmin edilməsi üçün qanunda bütün mərhələlər üzrə yerinə yetirilə biləcək məsələlər öz əksini tapmalıdır. Nəzərə almaq lazımdır ki, qanun normativ bir sənəd olaraq bu məsələni tənzimləyən aktdır. Qanuna əlavə olaraq qayıdışla bağlı dövlət proqramı qəbul olunmalı, orada müddətlər göstərilməklə, dövlət qurumunun üzərinə düşəcək vəzifələr əks olunan proqram qəbul olunmalıdır. Çünki tək bir qanunun qəbulu ilə məsələ həll oluna bilməz. Kifayət qədər böyük sənəd toplusu işlənib ortaya qoyulmaldır".
A.Allahverənov bildirir ki, işğaldan azad olunmuş ərazilərə qayıdış üçün əsas məsələ insanların təhlükəsizliyinin təminidir: "İlk növbədə işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi təmin edilməldir. Hansı ki, bu çox məsrəf və vaxt aparan məsələdir. Bununla bağlı beynəlxalq təcrübə var ki, orada işğaldan azad olunma üçün vaxt, resurslar nəzərdən keçirilə bilər. Beləcə, işğaldan azad olunmuş ərazilərdə minalardan, müxtəlif silah-sursatlardan təmizlənmə mərhələli şəkildə həyata keçirilməldiir. Bununla bərabər, həmin ərazilərdə infrastruktur qurulmalı, təchizat məsələləri yerinə yetirilməlidir, daha sonra xidmət göstərən qurumların oraya köçürülməsi həyata keçirilə bilər".
Miqrasiya məsələləri üzrə ekspert deyir ki, işğaldan azad olunmuş ərazilərdə yaşamaq üçün yararlı tikililərin də siyahısı hazırlanmalıdır: "İşğaldan azad olunmuş ərazilərdə yaşamaq üçün uyğun olan evlərin istifadəsi mümkündür. Məsələn, Qubadlıda bir neçə binada yaşamaq mümkündür. Həmin evlər yaşayış üçün yararlıdır".
A.Allahverənov bildirir ki, bütün bunların hamısı tək qanunların qəbulu ilə yox, bir neçə qurumların vahid koordinasiya mərkəzi ilə olmaldır:
"Gürcüstanda repatrasiya işini həyata keçirən nazirlik var. Ola bilər ki, bizdə də bu işlərlə məşğul olan bir qurum yaradılsın. Vaxt itirmədən müvafiq qurumlar işğaldan azad olunmuş ərazilərə qayıdış üçün hazırlıq işləri həyata keçirməlidir. Bizdə bununla bağlı minimum təcrübə var. Bunun üçün Cocuq Mərcanlı və Ağdam istiqamətində qəsəbələrin bərpası ilə bağlı təcrübədən yararlanmaq olar".
Ekspert bildirir ki, aparılan işlərdən sonra, ən sonda o torpaqlara vətəndaşların köçürülməsi, icma əsaslı qurumların yaradılması təmin edilməlidir. Eyni zamanda həmin yerlərdə məşğulluq məsələləri də öz həllini tapmalıdır.