22:06 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
22340

"Torpağımıza geri dönən gün biz bu mənzillərin açarlarını təhvil verib qayıdacağıq öz evimizə. Torpağın əvəzini heç nə verə bilməz. Elə bilirəm burada qonağam. Bizə Balyandda ev tikmək lazım deyil. Öz evimizi özümüz tikəcəyik. Dövlətə daha yük olmaq istəmirik".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 23 oktyabr — Sputnik. 27 ildir ki, o açarları ovucuna sıxaraq bərk-bərk saxlayıb. Kim bilir, bəlkə də bu açarlar olmasaydı, bu günə qədər yaşaya bilməzdi. Bir gün evinə, elinə, obasına geri dönəcəyinə ümid yeri olub bu paslanmış açarlar...

Yəqin ki, çoxunuz söhbətin kimdən getdiyini anladınız. Sputnik Azərbaycan-ın bugünkü müsahibi evinin açarlarını düz 27 ildir ki, sandıqda saxlayan, sosial şəbəkələrdə məşhurlaşan işğaldan azad olunmuş Cəbrayıl rayonu, Balyand kənd sakini Qəhrəmanova Fitat Xəlil qızıdır.

© Sputnik / Zulfiyya Guluyeva
Cəbrayıl rayonu Balyand kənd sakini Qəhrəmanova Fitat Xəlil qızı

71 yaşlı Fitat nənə sən demə elə doğum günündə Balyand kəndindən məcburi köçkün düşüb. 1993-cü ilin avqustun 23-nü kədərlə xatırlayan Fitat Qəhrəmanova o gündən bəri doğum gününü qeyd etmir: "Balyanddan çıxandan sonra hər il doğum günümdə evdən çıxıram. Özümə yer tapa bilmirəm, evdə otura bilmirəm. O gün evimizdən, elimizdən didərgin düşdüyümüz anlar canlanır gözümüzdə. Əhd etmişəm ki, bir də doğum günümü Balyanda qayıdanda qeyd edəcəyəm".

Beş övladını təkbaşına böyüdən Fitat Qəhrəmanova həyatda çətin günlər yaşasa da, ən böyük çətinliyin elindən ayrı yaşamaq olduğunu söyləyir. Həyat yoldaşını hələ Balyandda olarkən itirən Fitat Qəhrəmanova onun da ermənilər tərəfindən öldürüldüyünü söyləyir: "Yoldaşımı 1987-ci ilin oktyabr ayının 25-də itirmişəm. Onun məzarı da 27 il idi ki, əsir idi. Balyandın işğaldan azad olunması ilə həm də ölülərimizin ruhu əsirlikdən xilas oldu".

© Sputnik / Zulfiyya Guluyeva
Cəbrayıl rayonu Balyand kənd sakini Fitat Qəhrəmanovanın evinin açarları

Elindən, obasından didərgin düşən Fitat Qəhrəmanova məcburi köçkün həyatının ilk günlərində Sabirabad rayonunda məskunlaşsa da, hazırda Səbail rayonu, Bayıl qəsəbəsində yaşayır. Üç yerdə işləyib uşaqlarını böyüdən Fitat nənənin zəhməti yerdə qalmır. Övladlarının hamısı ali təhsil alır. Buna görə Fitat Qəhrəmanova dövlətimizə minnətdar olduğunu söyləyir:

"Dövlət qayğımıza qalmasaydı, bizə çox çətin olardı. Rəhmətlik Heydər Əliyev arxa-dayaq oldu biz məcburi köçkünlərə. Uşaqlarımın hamısı pulsuz ali təhsil aldı. İndi şükür hamısı ailə-uşaq sahibidir. Hamısını dövlət evlə təmin edib. Amma torpağımıza geri dönən gün biz bu mənzillərin açarlarını təhvil verib qayıdacağıq öz evimizə. Torpağın əvəzini heç nə verə bilməz. Elə bilirəm burada qonağam. Bizə Balyandda ev tikmək lazım deyil. Öz evimizi özümüz tikəcəyik. Dövlətə daha yük olmaq istəmirik".

Fitat nənə ilə söhbət zamanı onun qapısını bağlayıb açarlarını özü ilə götürdüyü evinin bu gün də yerində qalmasına içində böyük inamın olduğunun şahidi olduq. Bununla belə onu da deyir ki, "daşı-daş üstündə olmasa da, evimi gedib taparam".

© Sputnik / Zulfiyya Guluyeva
Cəbrayıl rayonu Balyand kənd sakini Qəhrəmanova Fitat Xəlil qızı

Balyanddan içi dolu evini qoyub çıxan Fitat Qəhrəmanova oradan bir əşya da çıxartmadığını söyləyir:

"Erməni silahlıları kəndimizə atdıqca biz gündüz uşaqları götürüb kəndin aşağısındakı bağa qaçırdıq. Gecələr isə evimizə qayıdırdıq. Balyanddan çıxan gün isə kəndə hücum olduğunu görüb uşaqları yuxudan durğuzub əyinlərini geyindirdim. Qaynanam mən uşaqları geyindirənə qədər evin qapılarını kilidlədi. Əl atdım ki, yükdən bir-iki dəst yorğan-döşək götürəm. Qaynanam əlini qabağa verib qoymadı ki, evi dağıtma. Əlimlə toxuduğum xalçalar da orada qaldı. Biz həmin gün də evdən axşam qayıtmaq ümidi ilə çıxmışdıq. Qaynanam hər dəfə evdən çıxanda qapını kilidləyirdi. Elə həmin gün də qapıları kilidləyib açarları özü ilə götürdü. Hardan bilərdik ki, biz o evə bir də 27 ildən sonra geri dönəcəyik. Məcburi köçkün həyatı yaşasaq da, içimizdə bizi yaşadan bir ümid olub, evimizə geri qayıtmaq ümidi..."

Qaynanası Qaratel arvadın torpaq həsrəti ilə dünyadan 2000-ci ildə köçdüyünü deyən Fitat Qəhrəmanova bu açarın qoca nənədən ona əmanət qaldığını söyləyir: "Qaynanam elə hey deyirdi ki, dünyanın işini bilmək olmaz, bir gün geri qayıdanda qapımızı bu açarla açıb evimizə girərik. Eşitdim torpaqlarımızı alıblar, o açarları saxladığım yerdən çıxartdım. Açarları daha sandığa qoymuram. Çünki, o vədə yetişib. Cəbrayıl, Balyand azad edilib. Evimizə geri dönməyin zamanıdır".

© Sputnik / Zulfiyya Guluyeva
Fitat Qəhrəmanovanın övladı

Fitat nənə Balyanddan gəldiyi Niva markalı avtomobili bu günə qədər saz saxlayıb. Deyir ki, kənddən çıxanda yeni aldıqları Nivanı saz saxlayır ki, elə bu avtomobillə də o torpağa geri dönsün.

Kəndə gedən kimi ilk həyat yoldaşının məzarını ziyarət edəcəyini söyləyən Fitat nənənin Balyanddakı pirlərə qurbanı, nəzir-niyazı da var. 1993-cü ildən atasının və əmisinin girov götürüldüyünü söyləyən Fitat Qəhrəmanova gec-tez onların da Balyanda qayıdacağına inandığını söyləyir. Artıq Balyanda köçməyə hazırlıq da görür Fitat nənə. Təbii ki, 27 illik həsrətinin tək təsəllisi olan, ovucuna bərk-bərk sıxıb saxladığı evinin açarlarını götürmək şərtilə...

P.s. Cəbrayıl rayonunun Balyand kəndi 21 oktyabr 2020-ci ildə işğaldan azad edilib. 

Əsas mövzular