BAKI, 30 oktyabr - Sputnik. Azərbaycan dövləti xalqımıza qarşı törədilən müharibə cinayətlərinə görə hüquqi təqib addımlarını davam etdirəcək. Bu cinayətlər beynəlxalq platformalarda zəruri qiymətini almalıdır.
Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlərlə bağlı ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun, beynəlxalq təşkilatların, yerli və beynəlxalq media qurumlarının nümayəndələri üçün oktyabrın 30–da Baş Prokurorluqda təşkil olunan brifinqdə bildirib.
Prezidentin köməkçisi qeyd edib ki, bütün bunların qiymətləndirilməsi üçün hərbi tribunalın yaradılmasına ehtiyac var. Bu, intiqam deyil, bu, ədalətin bərpasıdır.
Hikmət Hacıyev vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində çoxsaylı cinayətlər törədilib. Bu cinayətlər Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən həyata keçirilib. Bu gün hərbi əməliyyatların gedişi onu göstərir ki, Ermənistan Azərbaycana təcavüz həyata keçirir, mülki əhalinin öldürülməsi Ermənistanın məsuliyyətini təsbit edir. Bu günə qədər Ermənistan danışıqlar prosesinin formatını dəyişməyə çalışıb. Ermənistan bu gün hərbi təcavüz həyata keçirən tərəf kimi bütün cinayətlərə görə birbaşa məsuliyyət daşıyır.
Prezidentin köməkçisi deyib ki, işğal edilmiş ərazilərdə mədəni abidələrin, mədəni irsin qəsdən məhv edilməsi də müharibə cinayətləridir. İşğal edilmiş ərazilərimizdə bu günə qədər qanunsuz məskunlaşdırma siyasəti həyata keçirilir, amma buna zəruri adekvat reaksiya verilməyib. İşğal edilmiş ərazilərin qazanc məqsədilə istifadəsi də müharibə cinayətləridir. İşğal edilmiş ərazilərdə qeyri-qanuni iqtisadi əlaqələr də qurulub. Mineral yataqlar qanunsuz şəkildə istismar edilib və ölkədən kənara çıxarılıb. Bu qanunsuz iqtisadi əlaqələr nəticəsində hasil olunan maddi resurslar Ermənistanın bank hesablarına keçirilib.