BAKI, 30 oktyabr - Sputnik. Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov oktyabrın 30-da Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya telefonla zəng edib.
Sputnik Azərbaycan Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına istinadla bildirir ki, Baş Nazir Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycanın qardaş ölkəyə hər cür yardım göstərməyə hazır olduğunu vurğulayıb.
Fuat Oktay telefon zənginə və göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 14:51-də Türkiyənin İzmir şəhərində 6,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Egey dənizi bölgəsi ilə yanaşı, İstanbul və Mərmərə bölgəsində də hiss olunub.
Türkiyə Fövqəladə Hallar Nazirliyinin (AFAD) məlumatına görə, zəlzələnin episentri İzmirin Seferihisar rayonudur. On iki binada xilasetmə işləri aparılır. İnsanlar panikaya düşərək küçələrə çıxıblar.
Zəlzələdə xəsarət alanların sayı 202-yə çatıb, 6 nəfər həlak olub, onlardan biri boğularaq ölüb. İzmir valisi 70 nəfərin dağıntılar altından sağ qurtarıldığını açıqlayıb.