Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 28 oktyabr — Sputnik. "Ermənilər hücum etdilər, Azərbaycan türkü qardaşlarım da özlərini müdafiə etmə nöqtəsinə gəldilər. Proses davam edir. Liderlərlə görüşlərimiz davam edir".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə Parlamentində çıxışı zamanı Rəcəb Tayyib Ərdoğan ötən gün rusiyalı həmkarı Vladimir Putinlə baş tutan söhbət barədə danışarkən belə deyib.
"Rusiya Prezidenti Vladimir Putinlə bu prosesi ətraflı müzakirə etdik. Artıq bu işə Qafqazda son verək dedim. İstəsən bu işi birlikdə həll edərik. Siz Paşinyanla danışıqları aparın, mən İlham qardaşımla danışıqlar aparım və bu işi həll edək. Heyətinizi göndərin, heyətimizlə danışıqlar aparaq. Bu işi həll edəcəyik, yoxsa etməyəcəyik?! Daha öncə 5+1 formatında onunla görüşdük. Səmimi bir addım atacağıqsa, ataq. Bu işi bitirməliyik. Biz səmimiyik, mən sizin də səmimi olduğunuza inanıram. İnşallah bunu nəticələndirərik", - deyə Ərdoğan bildirib.
Türkiyə Prezidenti Putinə qırmızı xətti barədə də deyib:
"Ancaq qırmızı xəttimizi də dedim. Qırmızı xətlərimiz keçildiyində, heç kim inciməsin, atamızın oğlu olsa belə, gözümüz görməz. Siz Yaxın Şərqdən, Suriyadan Azərbaycana əsgər göndərirsiniz, xarici güclər göndərirsiniz. Falan, filan... Mən də cənab Prezidentə bir şey söylədim... Ermənistan hazırda 2000 civarında PKK-lı, YPG-liləri 600 dollar maaş qarşılığında ora gətirib. Orada müharibə aparırlar, xarici muzdlular oradadırlar. "Mənim onlardan xəbərim yoxdur" deyir. Mən indi xəbər verdim", - deyə Ərdoğan qeyd edib.
Türkiyə Prezidenti "hörmətli Putinin PKK-ya üz verəcəyini düşünmür", ancaq ondan Paşinyana bu barədə deməsini gözləyir. Əks təqdirdə lazım olanı edəcəklərini qeyd edib.
Ərdoğan həmçinin münaqişə bölgəsindəki hazırkı vəziyyətə də toxunub: "Azərbaycanlı qardaşlarım hazırda itirdikləri torpaqlarının ciddi qismini geri alıblar. İnşallah, ən qısa zamanda itirdikləri torpaqların tamamını geri alacaqlar və Azərbaycan türkləri yenidən torpaqlarına qayıdacaqlar. İnanıram ki, zəfər azərbaycanlı qardaşlarımındır. Rəbb yar və yardımçıları olsun! Buradakı mübarizədə hər an yanlarında olduq, yanlarında olmağa davam edəcəyik".