Bu səhər xüsusən Tərtərin Qapanlı, Qazyan, Hüsənli, Səhlabad kəndləri və rayon mərkəzi ağır artilleriyadan atəşə tutulub.
Təkcə Qazyan kəndində bir neçə evə ziyan dəyib. Düşmən ordusunun atəşkəsin ilk dəqiqələrində atdığı mərmilərdən üçü kənd sakini Fənər Balakişiyevanın evinə və həyətinə düşüb. Mərmilərdən ikisi evin arxasına düşərək təsərrüfata xeyli ziyan vurub. Biri isə evin üstünə düşərək onu tamamilə dağıdıb.
Kənd sakini Yasin Cəfərovun həyətinə düşən mərmi də evə və təsərrüfata xeyli ziyan vurub.
Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.
Azərbaycan ordusunun əks-hücum əməliyyatı zamanı Cəbrayıl rayonu, Füzuli şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Hadrut qəsəbəsi də daxil olmaqla bir sıra yaşayış məntəqələrimiz işğaldan azad olunub.
10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.
Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.
Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.
Oktyabrın 25-də ATƏT-in Minsk Qrupunun həmsədrləri yeni bəyanatla çıxış ediblər. Bəyanatda həmsədrlərin 24 oktyabrda Vaşinqtonda Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdükləri, xarici işlər nazirləri və ABŞ Dövlət Katibinin müavini Stiven Bigan ilə birgə iclasda iştirak etdikləri bildirilir. Həmsədrlər tərəfləri öhdəliklərinə uyğun olaraq 10 oktyabrda Moskvada imzalanmış birgə bəyanatın bütün aspektlərini həyata keçirmək üçün təcili addımlar atmağa çağırıblar və bu öhdəlikləri 18 oktyabrda Parisdə təsdiqlədiklərini qeyd ediblər. Dağlıq Qarabağda növbəti humanitar atəşkəs oktyabrın 26-da Bakı vaxtı ilə saat 08:00-da başlamalı idi.