“Baza prinsiplərinə gəldikdə, orada hər şey aydın şəkildə yazılıb. Azərbaycanın işğal olunmuş rayonlarının mərhələli şəkildə azad edilməsi nəzərdə tutulur”. Bunu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib.
Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan uzun illər danışıqlar masasında münaqişənin həlli üçün çalışıb:
“Münaqişənin həlli üçün təqdim olunan baza prinsiplərində Azərbaycanın 7 rayonundan işğalçı Ermənistan qoşunlarının çıxarılması, məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması nəzərdə tutulur. Amma Ermənistan aşkar şəkildə bundan imtina etdi. Ermənistan hakimiyyəti seperatçı rejimi danışıqlar masasında görmək istəyirdi. Ancaq bu, Azərbaycan üçün qəbuledilməz idi. Münaqişənin həlli prosesi hərbi müstəviyə keçib və Azərbaycan artıq status-kvonu qəbul etmir. Ermənistan münaqişənin dinc yolla həllini başa düşmədi. Azərbaycan torpaqlarının işğal altında qalması ilə razılaşmayacaq”.
Qeyd edək ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xətti zonasında yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi növbəti dəfə intensiv atəşə tutmasına və təcavüzkar əməllərini davam etdirməsinə cavab olaraq Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmri ilə düşmənə qarşı indiyədək misli görünməmiş əks hücum əməliyyatına başlayıb.
Fikrət Sadıxovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz