BAKI, 21 oktyabr — Sputnik. Türkiyəyə məxsus "S-400" sistemləri NATO-nun müdafiə sisteminə inteqrasiya oluna bilməz. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.
"Türkiyəyə məxsus "S-400" sistemləri NATO-nun müdafiə sisteminə inteqrasiya oluna bilməz. Alyans alternativ variantların axtarışı üzrə səyləri dəstəkləyir", - deyə NATO Baş katibi qeyd edib.
Qeyd edək ki, Türkiyənin ABŞ-la münasibətlərində böhrana səbəb olan Rusiya istehsalı "S-400" hava müdafiə sistemlərinin tədarükü 2019-cu ilin iyul ayından başlayıb. Bundan sonra Vaşinqton ABŞ-ın "F-35" qırıcılarının Türkiyəyə satışını təxirə salacağını bəyan edib. ABŞ Türkiyəni sanksiyalar tətbiq etməklə hədələyərək Rusiya ilə sazişdən imtina etməsini və bunun əvəzində Amerikadan "Patriot" sistemlərinin alınmasını istəyib. Türkiyə tərəfi isə "S-400" zenit-raket kompleksinin növbəti partiyasının alınması ilə bağlı danışıqları davam etdirib.