BAKI, 21 oktyabr - Sputnik. Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan Rusiyaya qısamüddətli işgüzar səfərə gedib.
Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan bildirib.
Onun sözlərinə görə, hazırda Zöhrab Mnatsakanyan Rusiyanın paytaxtı Moskva şəhərindədir.
Səfərin məqsədinin detalları barədə məlumat verilmir. Lakin ilkin ehtimallara görə, söhbət Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanın görüşünə hazırlıq məqsədi daşıyır.
Bu, son 10 gün ərzində Mnasakanyanın Moskvaya 3-cü səfəridir.
Qeyd edək ki, Zöhrab Mnatsakanyan ABŞ dövlət katibi Maykl Pompeo ilə görüşmək üçün oktyabrın 23-də Vaşinqtonda olacaq.