BAKI, 16 oktyabr — Sputnik. "Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) Avropa Futbol Çempionatını əvvəldən planlaşdırılmış formatda keçirmək istəyir, ancaq vəziyyət tələb edərsə, ev sahibi ölkələrin sayını azaltmağa da hazırdır". Sputnik Azərbaycan-ın "Reuters" agentliyinə istinadən verdiyi verdiyi xəbərə görə, bu sözləri UEFA-nın prezidenti Alexander Çeferin səsləndirib.
Qeyd edək ki, cümə günü Böyük Britaniyanın "The Sun" qəzeti UEFA-nın koronavirusla bağlı çətin epidemioloji vəziyyətə görə, 2021-ci ildə Avropa Futbol Çempionatının oyunlarının keçiriləcəyi şəhərlərin siyahısını məhdudlaşdıra biləcəyini iddia edib. Siyahıdan çıxarılacaq ilk namizədlər arasında isə Bakı və Sankt-Peterburq şəhərləri var.
"Vəziyyəti daim nəzarətdə saxlayırıq, amma hər bir halda Avropa çempionatının keçiriləcəyinə əminik. Bilmədiyimiz yeganə şey tribunaların tam, yoxsa qismən doldurulacağı, yaxud oyunların azarkeşlərsiz stadionlarda keçirilib-keçirilməyəcəyidir. Biz çempionatı ənənəvi formatda düzənləmək istəyirik. Ancaq qeyd etməliyəm ki, AVRO-2020 12 ölkə yerinə 11, 8 , 5 və ya 1 ölkədə də təşkil edilə bilər", – deyə Çeferin bildirib.
O qeyd edib ki, UEFA hələ ki vəziyyəti qiymətləndirməklə məşğuldur və indiyə kimi çempionatın formatı ilə bağlı heç bir dəyişiklik müzakirə olunmayıb: "Hər şey səhiyyə sahəsindəki vəziyyət və dövlətlərin buna necə reaksiya verəcəyindən asılıdır".
Qeyd edək ki, AVRO-2020 gələn yay Avropanın 12 şəhərində təşkil edilməlidir. Pandemiya səbəbindən "AVRO-2020" adını saxlayan turnirin 11 iyun - 11 iyul 2021-ci il tarixləri arasında keçirilməsi nəzərdə tutulur.
Çempionatın həlledici oyunlarına Bakı, Budapeşt, Münhen, Kopenhagen, Dublin, Bilbao, Roma, Amsterdam, Sankt-Peterburq, Buxarest, Qlazqo və Londonun ev sahibliyi etməsi planlaşdırılır. Həlledici oyunların (iki yarımfinal və final) isə Londonun Uembli stadionunda keçirilməsi nəzərdə tutulur.