BAKI, 16 oktyabr — Sputnik. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, dövlət qurumlarında çalışan işçilərin say həddi 30 faizədək azaldılaraq digər əməkdaşlar məsafədən iş rejiminə keçirilir.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara eyni qaydanın tətbiq edilməsi tövsiyə olunur.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah son günlər bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında kəskin artımla əlaqədar olaraq, xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verib.