BAKI, 13 oktyabr — Sputnik, Kəmalə Əliyeva. Məşhur Azərbaycan müğənnisi, şoumen və bəstəkar Murad Arif sosial şəbəkələr vasitəsilə 300 min manat vəsait toplayaraq Azərbaycan Silahlı Qüvvəllərinə Yardım Fonduna köçürüb. Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, müğənni Dağlıq Qarabağda əks-hücum əməliyyatlarının başlanması ilə əlaqədar olaraq bir neçə gün əvvəl öz dostlarını və sosial şəbəkə izləyicilərini Azərbaycan hərbçilərinə dəstək olmağa çağırıb.
Murad Arifin bu təşəbbüsünə xeyli sayda insan və təşkilat qoşularaq Azərbaycan Silahlı Qüvvəllərinə Yardım Fonduna pul köçürüb. Müğənni onların hər birinin ödəniş qəbzini öz "Instagram" səhifəsindən paylaşaraq minnətdarlığını bildirib. Ümumilikdə 300 min manat vəsait toplanıb.
Müğənninin səhifəsində silahlı qüvvələrə yardım məqsədilə keçirilən aksiya davam edir.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2002-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafının təmin etdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və zəruri sosial tədbirlərin maliyyələşdirilməsi məqsədilə yaradılıb.
Fondun maliyyə mənbəyi ölkə ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaitləri və qanunvericiliklə qadağan olunmayan digər daxilolmalardır.