BAKI, 13 oktyabr - Sputnik. Almaniyada fəaliyyət göstərən Davidştern yəhudi icması bu ölkənin Xarici İşlər Nazirliyinə etiraz məktubu ilə müraciət edib.
Sputnik Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinə istinadla xəbər verir ki, buna səbəb xarici işlər naziri Hayko Maasın Bundestaqdakı 7 oktyabr tarixli dinləmələrdə çıxışı olub. Nazir Qarabağ münaqişəsinin gərginləşməsində Azərbaycanı ittiham edərək rəsmi Bakıya təzyiq göstərməyə çağırıb.
Almaniya yəhudiləri Azərbaycan ərazilərinin 20 faizinin, məhz Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini xatırladaraq nazir Maası qərəzli və birtərəfli olmaqda ittiham ediblər. Azərbaycanın Ermənistana qarşı təcavüz həyata keçirmədiyi, öz torpaqlarını müdafiə etməyə çalışdığı, azərbaycanlıların Ermənistanın təcavüzkar siyasətinin qurbanına çevrilərək, öz doğma yurdlarını tərk etməyə məcbur olduqları vurğulanıb.
Xarici işlər nazirinin nəzərinə çatdırılıb ki, BMT-nin qətnamələrində erməni silahlı birləşmələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxması tələb olunsa da, Ermənistan buna 27 ildir məhəl qoymur.
Davidşterm yəhudi icması rəsmi Berlini Cənubi Qafqaz bölgəsindəki durumu dəqiqləşdirməyə və ədalətli yanaşma nümayiş etdirməyə çağırıb.