Ermənistan silahlı qüvvələri oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından 100 km kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan və əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini Ermənistan ərazisindən növbəti dəfə raket atəşinə tutub. İçərisində uşaq, qadın, ahıl insanların da yaşadığı çoxmənzilli binalarda 4-ü qadın olmaqla 9 nəfər həlak olub, 16-sı qadın, 6-sı uşaq olmaqla 34 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.
Oktyabrın 12-də isə yaralı şəxslərdən biri, 1992-ci il təvəllüdlü Əliyeva Günay Zahid qızı müalicə olunduğu xəstəxanada vəfat edib.
Ölənlərin xatirəsini yad etmək üçün Gəncə sakinləri bu səhər ertədən faciə məkanına güllər və uşaq oyuncaqları gətirirlər.
Araşdırma nəticəsində məlum olub ki, Gəncənin yaşayış rayonuna raket zərbəsi "Elbrus" (SCUD) ballistik raket sistemindən Ermənistan silahlı qüvvələri tərəfindən endirilib.
Gəncənin dinc sakinləri bir neçə gün əvvəl də Ermənistan tərəfdən raket atəşinə tutulub, həmin vaxt 1 nəfər həlak olmuş, 32 nəfər yaralanmışdı.