BAKI, 11 oktyabr - Sputnik. "UEFA Millətlər Liqasının qrup mərhələsində oktyabrın 10-da Podqoritsa şəhərində keçirilmiş Monteneqro - Azərbaycan oyunundan sonra monteneqrolu futbolçu Andriya Draqoyeviçin sosial şəbəkə hesabında təxribat xarakterli paylaşım etməsi barədə məlumatımız var".
Sputnik Azərbaycan bildirir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov affa.az-a açıqlamasında deyib.
E.Məmmədov bildirib ki, bu, üçüncü tərəf olan Milli Assosiasiyanın nümayəndəsinin hər hansı şəkildə aidiyyəti olmadığı məsələyə müdaxiləsi kimi qeyri-etik olmaqla yanaşı, eyni zamanda, separatçı rejimin təbliğatına cəhd olduğu üçün yolverilməzdir: "AFFA bu hərəkəti sərt şəkildə qınayır. Biz araşdırdıq, həmin futbolçu Azərbaycan millisi ilə oyunda Monteneqro komandasının heyətində olmasa da, bu, bizim məsələyə münasibətimizi dəyişmir. Doğrudur, həmin oyunda Monteneqro millisinin ehtiyat oyunçular siyahısında Draqoyeviç soyadlı futbolçu olub, lakin bu, digər oyunçudur - Miloş Draqoyeviç".
İcraçı vitse-prezident oktyabrın 12-də məsələ ilə əlaqədar AFFA-nın rəsmi qaydada UEFA-ya müraciət ünvanlayacağını əlavə edib: "Artıq UEFA-ya şifahi məlumat verilib".
Qeyd edək ki, Monteneqro Azərbaycanla oyunda qələbə qazanıb - 2:0.