İşğalçı Ermənistan ordusunun insanlığa sığmayan hərəkətləri sırasına ötən gecə biri də yazıldı.
Saat 02 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə Ermənistanın Vardenis rayonundan atılan raket yaşayış binalarının üzərinə düşüb. Xilasedicilər dağıntılar altından 17 yaralı və 9 meyit çıxarıblar. Ümumilikdə 30-dan çox insan xəsarət alıb.
Həlak olanlardan biri isə Gəncə Təcili Tibbi Yardım Xəstəxanasının işçisi imiş. Xəstəxananın baş həkimi Qafar İbrahimovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, xəstəxananın travmatologiya şöbəsində tibb bacısı işləyən qadın mərminin düşdüyü evlərdən birində yaşayırmış. Həkimin sözlərinə görə, qadının iki övladı hazırda cəbhədə erməni işğalçılarına qarşı vuruşur.