BAKI, 9 oktyabr — Sputnik. Bakı ərazisində coğrafi yerləşmə mövqeyindən asılı olaraq iki növ "yaşıl hibrid dəhlizlər"in yaradılması təklif olunur.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən hazırlanmış Bakının Baş Planının ilkin layihəsində qeyd olunub.
"Yaşıl hibrid dəhlizlər" Bakı şəhərinin Baş Planının əsas konseptual yanaşmalarından olmaqla müxtəlif funksiyaları özündə birləşdirir. Belə ki, bura şəhər ərazisində sərbəst hava axınının təmin olunması ilə hava keyfiyyətinin və mikroiqlimin yaxşılaşdırılması, piyada yolları infrastrukturunun genişləndirilməsi ilə şəhər ərazilərinin bir-biri ilə əlaqələndirilməsi, habelə piyada hərəkətliliyi və velosiped nəqliyyatından istifadənin təşviqi, yaşıllıq sahələrinin genişləndirilməsi və əlavə "yaşıl" istirahət məkanlarının yaradılması, həmçinin, yeni mühəndis-kommunikasiya xətlərinin və qurğularının (məsələn, sutoplayıcı hövzələr) inşası üçün ərazi planlaşdırılması həllərinin verilməsi daxildir.
Şəhərdaxili hibrid dəhlizlərə mövcud küçə-yol şəbəkəsinin və ya dəmir yolu xətlərinin hərəkətlilik funksiyasını qoruyub saxlamaqla onların ətrafında cəlbedici yaşıllıq zolaqlarının salınması ilə əraziyə əlavə dəyərin verilməsi, şəhərxarici hibrid dəhlizlərə isə Mərkəzi Bakını şəhərətrafı ərazilərdə yerləşən alt-mərkəzlərlə birləşdirən geniş yaşıl zolaqların salınması daxildir.
Məsələn, Xocahəsən gölünün təmizlənməsi üzrə layihənin icrası "Xocahəsən-Lökbatan dəhlizi"nin inkişafı üçün əlverişli şərait yaradır. Mövcud konsepsiyaya gölün şimal hissəsindəki neft hasilatı işlərinin dayandırılması, ərazilərin təmizlənməsi, kanalizasiya sisteminin yenidən qurulması və ərazidə yeni dəmiryol stansiyasının yaradılması daxildir.
"Dəhliz boyu əsas yerli bitki növlərinin yetişdiriləcəyi yeni Nəbatat Parkının yaradılması nəzərdə tutulur. Hibrid dəhlizin cənub hissəsində yerləşən Qu gölü ərazisinin tarixən köçəri quşların qışlama məskəni kimi təşəkkül tapdığını nəzərə alaraq, ərazidə turistik marşrutların təşkil olunması da mümkündür", - layihədə deyilir.