BAKI, 8 oktyabr — Sputnik. ABŞ-ın Müdafiə Nazirliyi Rusiyanı milli təhdid siyahısına daxil edib. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi xəbər görə, bu barədə Nazirliyin saytında yerləşdirilmiş hesabatda bildirilir.
Hesabatda Rusiyanın İran və Çinlə birlikdə "seçkiyə müdaxilə" ilə bağlı hərəkətləri ABŞ-a meydan oxuma kimi qiymətləndirilib. Qeyd olunub ki, sözügedən ölkələr ABŞ-ın seçki infrastrukturunun fəaliyyətini pozmağa, ölkə iqtidarının etibarını sarsıtmağa və sosial gərginliyi artırmağa qadirdir.
"Bütün dünyada ən yaxşı kiberimkanlara sahib olan Rusiya kiberhücumlar yolu ilə ABŞ-ın ən mühüm infrastrukturlarının işini poza bilər", – deyə hesabatda bildirilir.
Qeyd edək ki, bir qədər bundan əvvəl FTB direktoru Kristofer Rey Rusiyanın ABŞ-da 2020-ci ildə keçiriləcək prezident seçkisinə təsir göstərməyə çalışdığını bəyan etsə də, buna dair heç bir sübut göstərməmişdi. Amerika kəşfiyyatı isə Rusiya ilə yanaşı, Çin və İranın da 2020-ci ildə keçiriləcək seçkilərə müdaxilə etməyə cəhd göstərdiklərini bildirmişdi.
Moskva isə bu ittihamları qəti şəkildə rədd edir.