Ermənistan silahlı qüvvələri cəbhəyanı yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir. Onlar işğal etdikləri əraziləri itirməyin qisasını cəbhəyanı ərazilərdə yaşayan dinc əhalini hədəfə almaqla çıxmağa çalışırlar. Ermənistan tərəfinin atdığı mərmi və raketlər nəticəsində Ağdamın kənd və qəsəbələrində yaranmış mənzərə Sputnik Azərbaycan-ın əməkdaşı tərəfindən lentə alınıb.
Belə ki, Ermənistan ordusunun atdığı mərmilərdən biri Ağdamın Böyükbəyli kənd sakini Sabir Rüstəmovun həyətinə düşüb. Qəlpələr nəticəsində evə zərər dəyib, mal-qara arasında tələfat olub, ev sahibi Sabir Rüstəmov isə qolundan qəlpə yarası alıb. Atılan mərmilərdən biri isə Ağdam şəhərindən məcburi köçkün olan və Ağdamın Səfərli qəsəbəsində məskunlaşan 66 yaşlı Eyvaz Rəhimovun evinə düşüb. Eyvaz Rəhimov dünyasını dəyişib. Evə də ciddi ziyan dəyib. Ağdamın Dördyol-2 qəsəbəsinə atılan mərmilərdən biri məktəb binasına zərər yetirib. FHN-in Ağdam Yanğından Mühafizə Hissəsinin əməkdaşı, 27 yaşlı Qismət Yusifov qapalı kəllə-beyin travması alaraq Ağdam RMX-ya yerləşdirilib.