BAKI, 6 oktyabr — Sputnik. Qırğızıstanın paytaxtı Bişkek şəhərinin meri Əziz Surakmatov istefa verib. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən yaydığı məlumata görə, mer bu vəzifədən öz istəyi ilə gedib. Bu barədə Surakmatovun müşaviri Gülya Almambetova məlumat verib:
"Mer Əziz Surakmatov istefa ərizəsi yazaraq öz istəyi ilə tutduğu vəzifədən uzaqlaşıb".
Qeyd edək ki, bazar günü Qırğızıstanda respublika parlamentinə seçkilər keçirilib.
Məntəqələrin 97 faizində bülletenlərin emalından sonra səsvermənin ilkin nəticələri elan olunub və parlamentə dörd partiyanın daxil olduğu bildirilib. "Birimdika" ("Birlik") 24,44 faiz, "Mekenim Kırqızıstan" ("Yurdum Qırğızıstan") 23,95 faiz, "Qırğızıstan" partiyası 8,78 faiz və "Butun Kırqızıstan" ("Bütün Qırğızıstan") 7,09 faiz səs toplayıb.
Mərkəzi Seçki Komissiyası seçkinin rəsmi nəticələrini səsvermə günündən ən geci 20 gün ərzində açıqlamalıdır.
Seçkidə məğlub olan partiyanın nümayəndələri oktyabrın 5-də küçələrə çıxaraq nəticələrə etiraz etməyə başlayıblar. Etirazçılar seçkilərin ləğvini və təkrar seçkilərin keçirilməsini tələb edib. Dünən axşam saatlarında isə Bişkekdə qarşıdurma baş verib. Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, nəticədə 590 nəfər yaralanıb, bir nəfər ölüb.
Oktyabrın 5-dən 6-na keçən gecə etirazçılar ölkə prezidentinin iqamətgahına daxil olub. Daha sonra onlar ölkənin sabiq Prezidenti Almazbek Atambayevi Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasından azad ediblər.